Ermənistanın Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı son açıqlaması regionda müzakirələrə səbəb olub.
Paşinyan bildirib ki, Ermənistanın təşkilatdan çıxarılması mümkündür və KTMT-də bununla bağlı mexanizm mövcuddur.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı ajans.az-a danışan politoloq Turan Rzayev bildirib ki,, Ermənistan KTMT-nin üzvü olsa da, təşkilat İrəvanın təhlükəsizlik gözləntilərini tam qarşılamayıb.
“Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı gərginliklər dövründə Ermənistan KTMT-dən dəstək gözləyirdi. Lakin təşkilat bu gözləntiləri doğrultmadı. Bunun əsas səbəbi isə hərbi əməliyyatların Ermənistan ərazisində deyil, Azərbaycanın torpaqlarında aparılması idi”
Onun sözlərinə görə, məhz bu səbəbdən KTMT-nin prosesə müdaxilə etməsi üçün hüquqi əsas formalaşmayıb.
Politoloq hesab edir ki, Ermənistanın KTMT-dən çıxması məsələsi gündəmdə qalsa da, İrəvan bu addımın yarada biləcəyi siyasi və hərbi riskləri nəzərə almağa məcburdur.
“Bu səbəbdən yaxın perspektivdə nə KTMT-dən rəsmi çıxış, nə də təşkilatdan xaric edilmə ehtimalı yüksək görünür. Mövcud vəziyyətin bir müddət davam edəcəyini düşünürəm”
O əlavə edib ki, gələcəkdə geosiyasi şərait dəyişərsə, Ermənistanın KTMT-dən ayrılması mümkündür:
“Ermənistan üçün KTMT-də qalmaq müəyyən manevr imkanları yaradır. Buna görə də prosesin çıxışla nəticələnməməsi ehtimalı da kifayət qədər yüksəkdir. Hər şey regiondakı siyasi vəziyyətdən asılı olacaq”.
Politoloqun fikrincə, Paşinyan hakimiyyəti xüsusilə Avropa İttifaqı və NATO ilə münasibətləri inkişaf etdirməyə çalışır:
“Ermənistanın NATO-ya üzv olacağını düşünmürəm. Bununla belə, İrəvanın Qərblə yaxınlaşma siyasəti davam edir. Bu baxımdan KTMT-dən çıxmaq məsələsi müəyyən hallarda siyasi təzyiq və ya “şantaj” kimi istifadə oluna bilər”.










