“Tbilisi və Bakıdan sonra Yerevan da şəhər mobilliyində islahatlara başlayır. Ermənistan paytaxtında artan tıxaclar və avtomobilləşmə səviyyəsi şəhər rəhbərliyini yeni yanaşmalar tətbiq etməyə sövq edir. Yerevan meriyası nəqliyyat axınlarının rəqəmsal monitorinqi, ictimai nəqliyyat üçün ayrılmış zolaqların genişləndirilməsi, şəhər girişlərində park-et-davam et (Park&Ride) sisteminin yaradılması və şəxsi avtomobillərin istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O əlavə edib ki, Ermənistan paytaxtında nəzərdə tutulan islahatlar 2027-ci ildə başlayacaq:
“Xüsusilə diqqət çəkən məqam Nəqliyyatın İdarə Edilməsi Mərkəzinin yaradılmasıdır. Mərkəz şəhərə daxil olan nəqliyyat vasitələrinin hərəkətini təhlil edir və əldə olunan məlumatlar əsasında gələcək nəqliyyat siyasətini formalaşdırır.
Yerevan rəhbərliyi hesab edir ki, yalnız yeni avtobusların alınması və ya yol infrastrukturunun genişləndirilməsi tıxac problemini həll etmir. Şəhərdə ictimai nəqliyyatın prioritetləşdirilməsi, avtobus zolaqlarının artırılması və metro şəbəkəsinin genişləndirilməsi əsas həll istiqamətləri kimi müəyyənləşdirilib.
İlkin araşdırmaların nəticələrinin 2026-cı ilin payızında açıqlanması, əsas islahatların isə 2027-ci ildən başlanması planlaşdırılır. Bu yanaşma bir daha göstərir ki, müasir şəhərlərdə mobillik siyasəti intuitiv qərarlardan deyil, məlumatlara əsaslanan planlaşdırmadan başlayır”.











