“Rusiya Ermənistanı qoşun yeritməklə hədələyir. Bu isə ancaq Gürcüstan ərazisindən keçməklə mümkündür. Əgər Moskva belə bir əməliyyat keçirmək qərarına gəlsə, mütləq Gürcüstanı da işğal edəcək”. Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
Onun sözlərinə görə, Bidzina İvanişvili bundan ötrü hər şeyi edib: “Ordunu son həddə qədər zəiflədib, təkcə orduda deyil, əhalinin böyük hissəsində də döyüş ruhunu öldürüb. O, Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları “millətçi hərəkatçıların kompromat və silah saxladıqları yerlər” adlandırıb. Həm Mtsxeti, həm də Ermənistan istiqamətində Tiflisin müdafiə xəttini ləğv edib” (Teleqraf).
Lakin Saakaşvili hesab edir ki, əgər Ermənistanda 7 iyun seçkilərində Nikol Paşinyan qalib gəlsə, Rusiya dərhal “B planı”na keçəcək: “Ssenari belə olacaq: bu il ərzində Ermənistanda iğtişaşlar baş verəcək. Azərbaycan rus qoşunlarının keçməsinə icazə verməyəcək. Rusiya İvanişvilidən qoşunların keçidinə razılıq istəyəcək, əlbəttə, o da razılaşacaq. Xalqa isə bunun onlara aid olmadığı deyiləcək. Ermənistanın işğalından sonra isə Rusiya Gürcüstanı da tam nəzarətə götürəcək və müvəqqəti olaraq İvanişvilini lider kimi saxlayacaq. Amma ölkənin bütün sahələrini özünə tabe etdirəcək, işğal olunmuş ərazilərin tanınmasına nail olacaq və Rusiya üçün arzuolunmaz hesab etdiyi şəxsləri kütləvi şəkildə məhv edəcək”.
Bu səbəbə keçmiş prezidentin qənaətincə, hamı ümidi Ukraynanın güclənməsinə bağlamalıdır. “Bu, həm bizim, həm də ermənilərin xilasının yeganə yoludur. Mən bu planın gerçəkləşməsini istəmirəm. Onun qarşısını ala biləcək yeganə amil Ukraynanın aktiv hərbi əməliyyatları və Rusiya hərbi maşınının, nəhayət, ciddi şəkildə sarsıdılmasıdır. Mən də məhz buna ümid edirəm”.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov da Rusiyanın Ermənistana qarşı hərbi təcavüzünü real sayır. O, Ukrayna ssenarisinin təkrarlaya biləcəyini istisna etməyib: “Belə mesajlar iki il əvvəl başlayıb. Mənim fikrimcə, bu tamamilə realdır. Coğrafiya buna imkan verir”.
Bu iddialar nə dərəcədə əsaslıdır? Güney Qafqaza belə təhlükə realdırmı? Doğrudanmı, yalnız Ukrayna Rusiyanın planını poza bilər?
Professor Qabil Hüseynli eks gürcü prezidentinin fikirlərini mövcud hakimiyyətə yönəlik ittihamlar hesab edir. Onun sözlərinə görə, Saakaşvili hakimiyyəti tənqid etmək və Rusiya ilə əlaqələndirmək üçün belə fikirlər səsləndirib. Q. Hüseynliyə görə, Ermənistanda çevriliş və ya hərbi müdaxilə üçün Gümrüdəki bazadan istifadə oluna bilər, yəni Gürcüstan üzərindən rus qoşunlarını yeritməyə hacət qalmaz: "Amma bu, nəzəri ssenaridir. Rusiyanın Ermənistana hərbi müdaxiləsi real görünmür. Çünki Ukrayna müharibəsi onun regional siyasətinə təsir edib və imkanlarını məhdudlaşdırıb. Hərbi çevriliş asan məsələ deyil. Əvvəla, erməni ordusu ilə toqquşma deməkdir. Rusiya isə buna getməklə erməni xalqını tamamilə itirə bilər. Necə ki Ukrayna xalqını itirib. İkincisi, ABŞ və Avropa İttifaqı Paşinyan hakimiyyətinə dəstək verir. Xüsusi ilə Trampın mövqeyi Moskva üçün örnəkdir. Putin ABŞ lideri ilə İrəvanda toqquşmaq istəməz".
Professor Saakaşvilinin bir qədər qərəzli və tərəf olduğunu düşünür: "Doğrudur, İvanişvili iqtidarı Rusiya ilə əlaqələrə malikdir. Amma gürcü hökumətinin rus qoşunlarına Ermənistana soxulmaq üçün qapı açacağını söyləmək qərəzli görünür. Rusiya Qazaxıstanda olduğu kimi, Ermənistanda da KTMT vasitəsi ilə hərbi güc tətbiq edə bilər. Bu versiyanı daha mümkün görürəm. Sadəcə, dediyim kimi, fərq ondadır ki, Ermənistanda Qərblə Rusiya döyüşür və Paşinyan tək deyil".
Musavat.com








