Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsində həyatını itirənlər arasında həmvətənlərimiz də var. Maraqlıdır ki, Rusiyanın işğalçılıq müharibəsində həlak olan azərbaycanlıların nəşləri ölkəmizə gətirilib dəfn olunduqdan sonra onların məzar daşlarına “Şəhid” sözü də yazılır.
Bəs bu, nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Rusiya-Ukrayna savaşı bizim də soydaşlarımıza xeyli maddi və mənəvi ziyan vurub:
"Maddi ziyan ondan ibarətdir ki, bəziləri öz biznesini, öz işini-gücünü atıb, çox nadir hallarda könüllü, əksər hallarda isə məcburi olaraq müharibəyə cəlb olunublar və bu gün onların demək olar ki, xeyli hissəsi həyatını itirib. Əlbəttə ki, onların heç birinə şəhid statusu düşmür və bu həm müsəlman qaydalarına görə günahdır, həm də ümumiyyətlə, onun nəyi şəhid sayılır, bunu başa düşmək çətindir. Hətta Rusiya vətəndaşı olsa belə, Rusiyada mənim bildiyimə görə “şəhidlik” anlayışı yoxdur. Digər tərəfdən, azərbaycanlı olan bir şəxs niyə başqa ölkənin ordusunda xidmət etməlidir? Əgər vətəndaşıdırsa, bu başqa məsələdir. Amma müharibədə iştirak edibsə və o ölkənin vətəndaşıdırsa belə, ona heç bir halda şəhidlik yazıla bilməz. Mən inanıram ki, bu məsələ ictimailəşəndən sonra həmin qəbir daşları ilə bağlı addımlar atılacaq və məzarlıqlarda həmin yazılar ya dəyişdiriləcək, ya da götürüləcək. Ən azından dəyişdirilməlidir. Hesab edirəm ki, işğalçı bir müharibədə iştirak edən şəxsin məzarı üzərində “şəhid” sözünün yazılması, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəxslərin məzarında eyni ifadənin istifadə olunması yolverilməzdir. Bu, nə etik baxımdan doğrudur, nə də hüquqi baxımdan əsaslıdır. Buna görə də bu məsələ ictimailəşdirilməlidir".
Polkovnik həmçinin vurğuladı ki, bu cür addımlara yol verən valideynləri başa düşmək mümkündür.
"Onlar üçün bu, övlad və doğma itkisi kimi böyük bir ağrıdır və bəlkə də bunu bir növ təsəlli kimi qəbul edirlər. Amma həmin şəxslər Azərbaycanda dəfn olunursa, Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdırlar və heç bir halda məzar daşında “şəhid” sözü yazılmamalıdır. Ümumiyyətlə, belə hallara yol verənlər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdır. Bu məsələ eyni zamanda Ukraynaya da aiddir. Məsələn, Ukrayna torpaqlarının müdafiəsi zamanı həlak olan bir şəxs Azərbaycanda dəfn olunursa, onun məzarında da “şəhid” sözü yazıla bilməz. Hərçənd burada müəyyən mənəvi əsaslar daha çox görünə bilər, çünki həmin şəxs öz torpağını müdafiə edərkən həlak olub. Buna baxmayaraq, hüquqi baxımdan bu ifadənin işlədilməsi düzgün deyil. Tarixən Əfqanıstanda həlak olan soydaşlarımız da olub və bu gün cəmiyyət onları müəyyən mənada şəhid kimi qəbul edir. Amma onların məzar daşlarında belə bu söz yazılmayıb. Ona görə də bu məsələyə ciddi diqqət yetirilməlidir. Həm qəbir daşlarını hazırlayan ustalar, həm də qəbiristanlıqlara cavabdeh olan bələdiyyələr və digər qurumlar qanunlara riayət etməli və bu məsələdə məsuliyyətli davranmalıdırlar", - deyə Ü.Cəfərov çağırış etdi.








