Brejnev Samara şəhərində bir zavodun fəaliyyəti ilə tanış olarkən tokarla dialoqu olur:
– Nə qədər əməkhaqqı alırsan?
– 280 manat, – deyə tokar cavab verir.
Brejnev təəccüblə deyir: – Belə az maaşla dolanmaq çətin olar. Yəqin cak-cukunda olmamış olmaz.
Ağıllı hökumət ya ölkədə əməyin dəyərini qaldırıb insanlara layiqli əməkhaqqı, uşaq pulu, pensiya, sosial təminat təklif edir, ya da cak-cukla dolanmağını bir həddə qədər görməzlikdən gəlir.
Bu gün ölkədəki gərginliyin əsas səbəblərindən biri odur ki, qiymətlər və xidmətlər Avropa ölkələri ilə az qala bərabərdir. İnflyasiya, artan kommunal xidmətlər, yersiz və yüksək cərimə və cəzalar, ərzaqların bahalaşması, iş yerlərinin bağlanması fonunda Avropada ən aşağı iş saatı 20 avro, Azərbaycanda isə 1.5 avrodur.
"Avropa təhsilli" yeni iqtisadi komanda isə vətəndaşın əlindən bir manatı almaq üçün, nəzarətə nəzarət edə-edə dövlətin 10 manatını xərcləməyə hazırdır.
Yenə də Brejnevlə bağlı bir lətifədə deyildiyi kimi: sovet vətəndaşı ayda 1000 manat xərcləyir, bunun 300 manatını dövlət əməkhaqqı kimi verir, qalan 700 manatını hardan alır – bilmirik.
Bizim bu "Avropa təhsilli" hökumətin yarıtmaz fəaliyyəti ucbatından nə aşağı maaşlı da olsa iş yeri tapmaq olur, nə də cak-cukla dolanmağa şans qoyublar.
Lenin məşhur deyimi ilə desək , vətəndaş nə etməli?
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... Və "qanun qarşısında hamı bərabərdir" deyəndə bir az pafoslu çıxmırmı?
Müəllif: Şahin Nəcəfov - "DİA-AZ"









