ABŞ dövlət katibi Marko Rubio Çinin gələcəyin əsas sənaye sahələrində qlobal dominantlıq qurmağa çalışdığını bildirib və Vaşinqtonun buna qarşı öz maraqlarını qorumasının vacibliyini vurğulayıb.
Modern.az xəbər verir ki, Rubio bu barədə açıqlamasında Çin, Avropa iqtisadiyyatı və ABŞ siyasəti ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Pekinin davranışı gözləniləndir: “Əgər mən Çin lideri olsaydım, eyni şeyi edərdim. Onlar gələcəyin əsas sahələrində dünyaya hakim olmağa çalışırlar. Bu, onların maraqlarına uyğundur. Biz də öz maraqlarımıza uyğun davranmalıyıq”.
Rubio qeyd edib ki, Çin elektromobillərinin Avropa bazarını doldurması Avropa sənayesinə ciddi zərbə vurur. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı da bir sıra vacib sahələrdə Çindən yüksək asılılıq vəziyyətindədir: “İqtisadiyyatımızda elə sahələr var ki, ehtiyacımızın 85-95 faizini Çindən alırıq. Bu, davam etdirilə bilməyəcək həssaslıqdır”.
ABŞ dövlət katibi həmçinin vitse-prezident Cey-Di Vens barədə də danışıb. Rubio bildirib ki, Vens onun yaxın dostudur və prezidentliyə namizəd olsa, onu ilk dəstəkləyənlərdən biri olacaq: “Cey-Di fenomenal namizəd olar. Mən onun namizədliyini ilk dəstəkləyən şəxs olaram”.









