“Fars şovinizmindən İslam dövlətlərinin saxta İslam təəssübkeşliyindən şübhələnmələri yeni bir hadisə olsa da, zaman-zaman fars şovinizminin İslamdan siyasi vasitə kimi istifadə etməsi və bu siyasi vasitədən də mənfəət əldə etməsi ortada olub. Yəni dini istifadə edərək həm siyasi dividend götürmək, həm də iqtisadi dividend əldə etməklə məşğul olublar. Fars şovinistləri İslam dinini özləri üçün gəlir sahəsinə çeviriblər”.
Bu barədə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib. Fərəc Quliyev qeyd edib ki, İran imperiyasında müstəmləkə altında olan xalqların hamısının bütün yeraltı və yerüstü sərvətlərini mənimsəyirlər, onların Konstitusiyada təsbit olunmuş hüquqlarını belə tanımaq istəmirlər: “Güney Azərbaycanda karxanalardan daş çıxarırlar, amma emal etmək üçün fars bölgələrinə aparırlar. Güney Azərbaycan bölgələrindən xammal şəklində məhsul aparırlar. Heç yarımfabrikata da çevirmirlər. Kasıblıq içində üzülən millətimizin bütün var-dövləti farsların ciblərinə axır. Başqa millətlərə də eyni cür davranırlar”.
“Biz 30 il Qarabağ savaşı apardıq. Ermənilərlə Azərbaycan arasında gedən savaşda İranın mövqeyi nədən ibarət oldu? Mütəmadi olaraq Ermənistan dəstəkləndi, onlara nəfəslik açıldı, silah-sursat verildi. 44 günlük müharibəni xatırlayın. 9 tona qədər silah-sursat İrandan M2 yolu ilə Mehri vasitəsilə Ermənistana ötürüldü. Bundan əvvəl yanacaq göndərildi, təlimatçılar, raketlər və s. Əvvəlki dövrlərdə də davranışları eyni olub.
İranın ətrafındakı İslam dövlətlərinə münasibətinə nəzər salın. Onunla müharibə aparan Amerika və İsraildir, amma o, mütəmadi olaraq ərəb dövlətlərini vurur. Çünki proksi qüvvələri ona görə yaratmışdı ki, ətrafında bir bufer zona yaratsın, təhlükəsizlik kəmərini təmin etsin. Bu təhlükəsizlik kəməri olandan sonra daxildə, İran imperiyasının daxilində nə istəyirsə etsin, necə ki, nə istəyirdisə, onu da edirdi. İndi göründüyü kimi, ərəb dövlətlərindən bir bufer zona yaratmaq Amerikaya təzyiq üçün vasitədən başqa bir şey deyil.
İrandakı mövcud rejim İslam dininin mahiyyətinə kölgə salmaq üçün mütəmadi olaraq “İsraili yer üzündən siləcəyik” çağırışları edirdi, “Amerikaya ölüm” şüarları ilə çıxış edirdi və bütün bölgədə proksi qüvvələr yaratmaqla hər bir dövlətin daxilində paralel strukturlar yaradırdı, qarşıdurmalara "vasitəçi" olurdu. Biz bunu həmişə deyirdik. Onların məqsədi fars şovinizmi qorumaq və İslama o qədər önəm vermədən istədikləri formada bu dindən istifadə edərək mənfəət əldə etməkdir. Rejim qalacaqsa, bundan sonra da eyni şəkildə davam edəcək. Onların başqa məqsədi yoxdur. Bunu faktlar da göstərir”, – deyən Fərəc Quliyev vurğulayıb ki, İrandakı rejimin dinə heç bir yaxından-uzaqdan bağlılığı yoxdur və indi ərəb dövlətləri də başa düşür ki, İran din pərdəsi altında bölgə və dünya üçün təhdiddən başqa bir şey deyil.









