
İran rəsmiləri tez-tez müsəlman ölkələrindən dəstək olmamasından şikayətlənir. Sonuncu dəfə bu barədə öldürdüldüyü artıq təsdiq olunan İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dilə gətirmişdi. Onun sözlərinə görə, nadir hallar istisna olmaqla və yalnız siyasi mövqelər çərçivəsində heç bir islam ölkəsi İranın yanında yer almayıb. O, həmçinin ABŞ-ın bazaları olan ölkələri tənqid edib: “İslam dünyası birləşsə, bütün ölkələrin təhlükəsizliyi və müstəqilliyi təmin edilər”.
Təbii ki, müraciət həm də Azərbaycana ünvanlanıb. O Azərbaycan ki, 30 illik erməni işğalı dövründə İrandan heç bir ciddi dəstək görmədi. Türkiyə kimi sərhədlərini təcavüzkar Ermənistanın üzünə bağlamadı. Əksinə, işğalçı ölkə üçün əsas “nəfəslik” rolu oynadı. Hətta 44 günlük müharibə zamanı qələbəmizə əngəl olmağa çalışdı.
İran rəsmilərindən gələn belə bəyanatların məqsədi nədir?
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İran rəsmiləri günahı ölkənin illərdir yürütdüyü siyasətində axtarmalıdır:
“Vaxtilə Azərbaycan da müsəlman ölkələrinin siyasətindən narazı idi. İslam Konfransı Təşkilatının sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul edilsə də, əməldə təşkilata üzv ölkələrin bir qismi, o cümlədən İran işğalçı Ermənistanla sıx əməkdaşlıq edirdi. İndinin özündə müsəlman ölkələri ABŞ və İsrailin İrana qarşı müharibəsinin əleyhinədirlər. Ancaq İran narazı qaldığı müsəlman ölkələrin ərazisinə raket və dronlar atdığına görə, heç bir müsəlman ölkəsi Tehranı dəstəkləmək istəmir”.
Siyasi ekspert Züriyə Qarayeva isə qeyd edib ki, Azərbaycan İrana humanitar yardım göndərir, keçmiş ali rəhbərin ölümü ilə bağlı başsağlığı verilib, yeni dini rəhbərin seçilməsinə görə də təbrik ünvanlanıb:
“Azərbaycanın ən böyük yaxşılığı odur ki, İrana qarşı hərbi əməliyyatlar üçün öz ərazisindən istifadəyə icazə vermir. Bu da müsəlman ölkəsi olaraq İranla bağlı siyasətimizdir. Azərbaycan heç vaxt plasdarm rolu oynamayacaq. Sadəcə, İran siyasətçilərinin bunu görməsi lazımdır. Hərçənd, Qarabağın işğal altında olduğu dövrdə İranın yürütdüyü siyasət də yadımızdadır, 44 günlük müharibədə və sonrakı dövrdə hərəkətləri də. Bununla yanaşı, Azərbaycan İrana qarşı heç zaman pislik etməyib. Hətta Naxçıvan dronla hücum da ediblər, yenə də biz humanitar dəstəyimizi əsirgəmirik”.
Ekspert əlavə edib ki, müsəlman ölkələri sırasında Türkiyə var və İran ərazisindən qardaş ölkəyə üç dəfə ballistik raket atılıb:
“Amma rəsmi Ankara xəbərdarlıq edib və indiyə qədər təmkinli davranır. Digər müsəlman ölkələri dedikdə isə ərəb dövlətləri nəzərdə tutulur. Körfəz ölkələrinə İran zərbələr endirir. Bu baxımdan, onların İranı dəstəkləməsi gözlənilmir. Üstəlik, onlar ABŞ ilə münasibətləri korlamaq istəmirlər”.
Musavat.com









