Azərbaycanda və ümumiyyətlə bir çox şərq ölkələrində maraqlı bir hal var. Ərəb ölkələrinin liderlərindən söhbət düşəndə insanlar hər zaman ən çox Səddam Hüseyn, Qəddafi, Bəşər Əsəd kimi rəhbərlərin adını çəkib və onlara rəğbət göstəriblər.
Halbuki öz vətəndaşlarını daha yaxşı yaşadan, daha yüksək həyat şəraiti yaradan, demək olar ki, milyonçu edən Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt kimi ölkələr də var. Amma onların liderləri haqqında eyni münasibəti heç vaxt görə bilməzsiniz. Kimsə durub deməz ki, Küveytin rəhbəri filankəs müəllim kişi adamdı, əsl liderdir, vətəndaşlarını milyonçu edib. Ən yaxşı halda onlardan "Amerikanın maşaları" və s. kimi sərt sözlərlə danışarlar. Halbuki o "maşalarla" müqayisədə özləri dilənçi kimi yaşayırlar. Onların istifadə etdiyi ikinci əl maşınları gətirib ölkədə sürüb, qoçu kimi fırlanırlar...
Bu təsadüfi deyil, heç onların beyninin ortaya qoyduğu sərbəst fikir də deyil. Uzun illər Rusiyanın siyasi və informasiya təsiri altında qalan ölkələrdə insanlara daha çox Qərbə qarşı olan, amma Rusiyaya yaxın olan liderlər “güclü rəhbər” kimi təqdim olunub, təsir dairəsi, təbliğat, ictimai rəyi elə formalaşdırırlar ki, özləri başa düşmədən də Rusiyanın istədiyi kimi düşünürlər. Ona görə də çox vaxt insanlar vətəndaşını daha yaxşı yaşadan ölkələri yox, daha sərt danışan, populist, Qərblə mübahisə edən, Rusiyayla yaxın münasibətdə olan liderləri bəyənirlər. Amma soruşsan, möcüzələr yaradan Yaponiyanın rəhbərini ölkədə tanıyan yoxdur...
Maraqlısı budur ki, real həyatda seçim edərkən də həmin insanlar tamam başqa cür davranırlar. Keyfiyyətsiz, saxta məhsullardan söhbət düşəndə, dərhal Çini misal çəkirlər, hətta hansısa saxtakarı "kitayski" deyib çağırırlar, amma keyfiyyətli məhsullardan söhbət düşəndə Avropada, Amerikada, Yaponiyada, Cənubi Koreyada və s. başqa inkişaf etmiş ölkələrdə istehsal olunanı seçirlər. Kiminsə qarşısına VAZ-2106, ÇANGAN, Mersedes qoysan, Mersedesi seçəcək, VAZ-2106 seçsə, ona axmaq deyərlər...
Bu insanlar yaxşı geyim, brend məhsullar almaq istəyəndə yenə üzlərini Qərbə tuturlar. Kiməsə Çin istehsalı dərmanla, Almaniya, Qərb istehsalı dərmanı təklif etsən, Çinin dərmanını götürməz, qorxar ki, onu zəhərləyər. Heç bir əclaf Almaniyanı, Amerikanı, İsraili, Böyük Britaniyanı qoyub, gedib Liviyada müalicə olunmazdı, çünki onlar ən yaxşı halda dəvə g..ü yağlaya bilirdi...
Bu adamların çoxu mühacirət etmək istəyərlərkən də Avropaya, Amerikaya getmək istəyir, heç kim “kişi adam” dediyi liderlərin ölkəsində yaşamağı ağlına da gətirmir. Çünki özünün, ailəsinin həmin ölkələrdə xoşbəxt gələcəyini görmür, hətta orda yaşamağı təhlükəli hesab edir. Uşaqları üçün də imkan olsa, Qərb universitetlərini seçirlər.
Hətta ən maraqlısı odur ki, təriflənən həmin "kişi" liderlərin öz uşaqları da çox vaxt elə tənqid etdikləri Qərb ölkələrində oxuyub, orada yaşayıb, orada müalicə olunub. Hətta bizim Şimali Koreyanın şanlı lideri Kim Çen Zad da İsveçrədə təhsil alıb, amma Qərbə atmaq üçün ballistik raket istehsal edir. Ay səni sevənlər raketini yesin... Nəysə, biraz ciddiləşək.
Yəni sözlə başqa şey deyirlər, amma həyat seçimi gələndə hamı daha rahat, daha azad və daha firavan ölkələri üstün tutur, onların maaşına, evinə, işinə, səhiyyəsinə, hətta dərmanına həsəd aparırlar.
İndi bir sürü gəlib Rusiyanın, İranın uydurduğu nağılları yazacaq: "Qəddafi pulsuz ev verirdi".
Liviyanın paytaxtında heç Bakı qədər o dövrdə yeni binalar tikilmirdi, Qəddafi o evi hansı binalardan verirmiş?)))
Desələr ki, kərpic verirdi, torpaq verirdi ki, yaşamağa yer tikin, bu doğrudur.
P.S. onu da deyim ki, Liviya neft sərvətlərinə görə ərəb ölkələri arasında beşinci yerdə idi. Afrikada da birinci.
***
Onu da deyim ki, Səddam Hüseyni ən çox bığlarına, "priçoska"sına görə sevirdilər...
Müəllif: Fərəc Kərimli - Mənbə: "DİA-AZ"









