Prezident İlham Əliyev çox sərt danışdı. Əslində bu, yaranmış vəziyyətə uyğun bir ritorikadır. Prezident Təhlükəsizlik Şurasının iclasında çıxış etdi. İran tərəfindən Azərbaycan ərazisinə - Naxçıvan Muxtar Respublikasına dronlarla hücumu terror aktı kimi qiymətləndirdi.
Prezident bir sıra vacib məqama toxundu. O, hadisə ilə bağlı diplomatik kanallarla İrandan izahat tələb etdi, üzr istənilməsini gözlədiyini bildirdi. Ancaq bununla yanaşı onu da qeyd etdi ki, Silahlı Qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu isə o deməkdir ki, növbəti dəfə belə təxribatlar baş verərsə, Azərbaycan bu dəfəki kimi diplomatik nota və xəbərdarlıqla kifayətlənməyəcək. Əslində Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bu belə ifadə olunmuşdu: "Cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".
Məsələ bundadır ki, Azərbaycana qarşı bu cür təxribatlar təkrarlanarsa, Azərbaycan buna hərbi üsullarla qarşılıq verərsə, prosesə Azərbaycanın ən yaxın müttəfiqləri - Türkiyə və Pakistan da qoşulacaq. Başqa sözlə, İran həm şərqdən, həm şimal-qərbdən, həm şimaldan özünə qarşı cəbhə açmış olacaq. Bu da o deməkdir ki, İran eyni vaxtda bir neçə cəbhədə vuruşmalı olar. Bu, İranın nəinki məğlubiyyətinə, həm də parçalanmasına gətirib çıxarar. Prezidentin xəbərdarlığı həm də bu mənanı verir.
Bundan başqa Prezident TŞ-nin iclasında belə bir ifadə işlətdi: "Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir". Yəni İranın Azərbaycana qarşı (eləcə də, Türkiyəyə qarşı) təxribatları davam etsə, Azərbaycan dövlətinin hərbi vasitələrlə cavab verməsi qaçılmaz olarsa, miıyonlarla Azərbaycan türkü, eləcə də, İranda yaşayan başqa türk toplumları İranın molla rejiminin deyil, Azərbaycan Respublikasının yanında olacaq. Azərbaycanın bir əsgərinə o zaman minlərlə əsgər elə İranın özündə qoşulacaq. Prezident: "Heç kim bizim səbrimizi sınamasın" deyəndə bunu da nəzərdə tuta bilər.
Yaxşı xatırlayırıq: 44 günlük müharibə zamanında Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edəndə Arazın o tayında yaşayan Azərbaycan türkləri sərhəd çayının sahilinə gələrək, əsgərlərimizə mənəvi dəstəyini ifadə edirdi.
Əlbəttə, İranda yaşayan türklər də, Azərbaycan Respublikasının dövləti və xalqı da İranın bütövlüyündə - cənub qonşumuzun sabit və firavan olmasında maraqlıdır. Azərbaycan Prezidenti də bu gün bunu dedi: "Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik...
...Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir".
Bu qədər aydın bəyanatlardan və bu cür kişiyana davranışdan sonra da İran tərəfindən qarşılıq olaraq "nakişi" hərəkət edilirsə, bu, Tehrandakı rejimin öz əleyhinədir. Özü özünü təkləyir. Dostları israrla düşmənə çevirməyə çalışır. Prezident İlham Əliyev buna görə Naxçıvana hücumu çox sərt qınadı: "Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar", dedi. Bu əməli " çirkin terror", " nankorluq", " şərəfsizlik", " nakişilik" adlandırdı. Bu gün dövlət başçısının reaksiyası, leksikonu, ritorikası cəmiyyətinkilərlə yüzdə yüz eynidir. Çünki insan yaxşılıq etdiyindən özünə qarşı (qarşılığında) pislik görəndə, məhz bu cür reaksiya verir. Başqa nə cür ola bilər?!
Bir yandan dar gündə - çətinə düşəndə Azərbaycandan xahiş et, Beyrutdakı diplomatlarını xilas etmək üçün Azərbaycana yalvar, o biri yandan da, Azərbaycanın ərazisinə hücum et, mülki obyektlərə zərbə endir. Prezident bunun adına "şərəfsizlik" deməyib, nə desin?! Tamamilə yerinə düşür, uyğun gəlir. Göründüyü kimi, Azərbaycan xalqı və dövləti bu məsələdə tam həmrəydir, həmfikirdir.









