Həm Azərbaycan, həm də Ermənistan tərəfi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə baş tutan görüşlə bağlı bəzi detalları açıqladı. Beləliklə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Bu, xarici KİV-də iyulun 10-da baş tutan görüşdə sülh sazişinin imzalanacağına dair yayılan məlumatları doğrulamadı. Lakin Bakı və İrəvanın danışıqlar gündəliyində sülh müqaviləsi və Zəngəzur dəhlizi kimi iki əsas məsələnin olduğu bildirilir.
BƏƏ-də baş tutan görüş Bakının prosesə yanaşmasına necə təsir göstərəcək? Növbəti mərhələdə hansı addımların atılması gözlənilir?
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Əbu-Dabi görüşündə yekun sülh sazişinin imzalanmayacağı bəlli idi:
“Çünki tərəflər arasında Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması kimi həlli vacib məsələlər qalmaqdadır. Lakin bu görüş sülh sazişinin razılaşdırılması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Görüşdə iştirak edən nümayəndə heyətinin tərkibi Zəngəzur dəhlizinin açılması da daxil olmaqla sülh sazişinin önündəki bütün maneələrin masada olduğu demək idi. Danışıqların yekunlarına dair yayılan məlumatlar da göstərir ki, dəhlizinin açılması da daxil olmaqla sülh gündəliyinin vacib istiqamətləri ilə bağlı ciddi və substantiv müzakirələr aparılıb”.
Ekspert bildirib ki, bu görüşün nəticələrinin iki istiqamətdə özünü büruzə verməsi gözləniləndir:
“Birincisi razılaşdırıldığı kimi, təmasların davam etdirilməsidir. Hərçənd, bunun daha intensiv şəkildə olacağını görə bilərik.
İkincisi isə sülh gündəliyinə daxil olan məsələlərlə bağlı praktiki müstəvidə addımların atılmasıdır. Məsələn, sərhədin delimitasiyası ilə bağlı irəliləyiş ola bilər, o cümlədən, Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr də intensivləşəcək.
Fikrimcə, Minsk qrupunun buraxılmasına dair yaxın dövrdə birgə müraciətin edilməsi real ehtimaldır. Çünki sülh gündəliyində digər məsələlərin həlli mürəkkəbdir və zaman tələb edir, amma Minsk qrupunun buraxılması tezliklə baş verə biləcək hadisədir”.