Qardaşı həbs edilən qadın dələduzluğun qurbanı olub. Onu aldadan şəxs isə tanımadığı, restoranda ona yaxınlaşan şəxs olub.
Musavat.com xəbər verir ki, Mənzər adlı qadın qardaşı həbs edildiyi üçün restoranda ağlayaraq rəfiqəsi ilə dərdləşirmiş.
Həmin restoranda olan Seymur bunu müşahidə etdikdən sonra xanımların masasına yaxınlaşıb. Seymur Mənzərdən ağlamasının səbəbini soruşduqdan sonra qardaşının “Kürdəxanı” istintaq təcridxanasının rəisi olduğunu deyib.
“Özünü naxçıvanlı Samir kimi təqdim etmişdi. Qardaşının rəis olduğunu, bu işi 3 min manata həll edəcəyini dedi. Mənim isə min manatım var idi. Məndən qardaşımın adını, soyadını soruşdu. Axşam zəng edib məsələni həll etdiyini dedi. Pulu ona göndərməyimi, axşam da Kürdəxanıya getməyimi istədi. Amma pulu alandan sonra axşam zəng edib dedi ki, rəis qardaşı işdə deyil. Sabah görüşəcəyimizi, qardaşımın həbsdən buraxılacağını dedi. Amma səhər telefonuna zəng çatmadı”, - deyə aldadılan qadın bildirib.
Barəsində dələduzluq maddəsi ilə cinayət işi açılan Seymurun daha əvvəl də dələduzluğa görə məhkumluq həyatı yaşadığı məlum olub. Bu iş üzrə isə Seymur barəsində cəza təyin edilməyib. Buna səbəb hadisənin 2022-ci ildə baş verməsi, cəza təyin etmə müddətinin keçməsi, həm də zərərin tam olaraq ödənilməsi olub.