Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərindəki görüş konstruktiv atmosferdə keçib.
Modern.az xəbər verir ki, sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Xatırladaq ki, Əbu-Dabidəki görüş əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə gerçəkləşib, sonra təkbətək formatda davam edib. Liderlərin danışıqları 5 saatadək davam edib.
Modern.az bəzi siyasi partiya sədrlərinin Azərbaycan-Ermənistan liderləri arasında keçən görüş və onun nəticələri barədə fikirlərini öyrənib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşün özü mühüm hadisədir:
“Liderlər kənar müdaxilə olmadan Azərbaycan-Ermənistan münasibətlərinin bütün aspektlərini müzakirəyə çıxarıb. Kənar müdaxilə olmadan gələcək prespektivləri müəyyən etmək imkanı qazanıblar. Bu baxımdan düşünürəm ki, səfərin özü ciddi mahiyyət daşımaqla bərabər, görüşün özündə Azərbaycan-Ermənistan münasibətlərinin yüksək səviyyədə qurulması, Zəngəzur dəhlizinin açılması və inkişafı, regionda sülh və təhlükəsizliyin təmin olunmasına doğru atılan addımlar, xüsusi olaraq sülh sazişinin paraflanması ilə bağlı müzakirənin aparılması ciddi məqamlardan xəbər verir. Müxtəlif sahələr üzrə işçi qruplarının yaradılması və işçi qrupu formatında əldə olunan razılıqların inkişaf etdirilməsi və yüksək səviyyəyə qaldırılması gələcək danışıqlar üçün daha produktiv nəticələrin əldə olunmasına hesablanmış addımlardır. Bu görüşü əlbəttə, müsbət qiymətləndirirəm. Ölkə başçıları vasitəçilər olmadan problemlər barədə konkret nəticələr əldə etmə imkanı qazandılar”.
Partiya sədri qeyd edib ki, görüş Azərbaycan-Ermənistan münasibətlərində açılan yeni səhifə oldu:
“Əlbəttə, həlledici söz möhtərəm cənab Prezident İlham Əliyevindir. Qalib gəlmiş ölkə kimi biz Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edirik. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşması vacib şərtdir. Mənə belə gəlir ki, keçirilən görüş Azərbaycan-Ermənistan münasibətlərində yeni bir mərhələnin başlanğıcı, başqa sözlə desək, yeni səhifənin açılması oldu. Ümidvaram ki, yaxın gələcəkdə danışıqlar özünün konkret bəhrəsini verəcəkdir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, Avropa və Rusiyasız keçən görüş hər iki ölkənin müstəqil siyasət yürütmək niyyətindən xəbər verir:
“Üçüncü bir tərəf olmadan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılması olduqca önəmli, ciddi siyasi əhəmiyyət kəsb edir. Vasitəçilər olduqda onlar öz maraqlarını diqtə edir. Bu da sülh sazişinin bağlanmasına ciddi əngəllər törədir. İndiki halda Azərbaycan və Ermənistanın Avropa və Rusiyanın iştirakı olmadan görüş keçirməsi hər iki dövlətin müstəqil siaysət aparmaq niyyətindən xəbər verir. Təbii ki, görüşdə əldə edilən razılıqlar gələcəkdə çox ciddi addımların atılması üçün əsas verəcək. Mənə elə gəlir ki, bundan sonra Ermənistan Azərbaycanla parlalel siyasət aparmalıdır. Doğrudan da, müstəqil olmaq istəyirsə, Ermənistan Azərbaycanın atdığı siyasi addımları dəstəkləyib təkrarlamalıdır. Yəni Ermənistanla Azərbaycan bölgədə bəzi məsələlərdə vahid siyasət aparacağı təqdirdə bu, iki ölkənin xeyrinə olacaq. Zəngəzur dəhlizinin Ermənistan və Azərbaycan tərəfindən birgə qorunması, azərbaycanlıların gömrük və sərhəd nəzarəti olmadan keçidinin təşkili Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələyə keçmə imkanı verəcək. Mən bunu alqışlayıram. Elə hesab edirəm ki, hər iki ölkənin rəhbəri vasitəçisiz danışıqlar prinsipini əsas götürəcəksə, sülh sazişi imzalanacaq və o, hər iki dövlətin maraqlarına cavab verəcək”.
Azad Vətən Partiyasının sədri Akif Nağı söyləyib ki, sülh müqaviləsinin imzalanmasında hamı maraqlıdır:
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müxtəlif məlumatlar yayılır. Görüşün Əbu-Dabidə baş tutması bir çox cəhətlərinə, xüsusən də vasitəçisiz təşkil olunmasına görə diqqəti cəlb edir. Əhəmiyyətli hadisədir. Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtləri var. Həmin şərtlər yerinə yetirilməlidir. Görüşdə Zəngəzur dəhlizinin, kommunikasiya xətlərinin açılması, sülh sazişinin paraflanması ilə bağlı razılaşmanın əldə olunduğu bildirilir və bu prosesin davam etdiriləcəyi göstərilir. Əlbəttə, bu müsbət tendensiyadır, amma nəticəsi olacaq, yoxsa yox? Sülh danışıqları ilə bağlı müzakirələrin aparılması hələ onun paraflanması demək deyil. Buna görə Azərbaycanın şərtləri, tələbləri qəbul edilməlidir. Bundan sonra hansısa ciddi nəticədən danışmaq olar. Aralıq mərhələ üçün vasitəçi olmadan iki liderin görüşünün müsbət hadisə olduğunu deyə bilərik”.
Partiya sədrinin sözlərinə görə, görüşlərin davam etdirilməsi ilə bağlı razılığın əldə edilməsi də müsbət tendensiyanın göstəricisidir:
“Bu tendesiya davam edərsə, regiona bu, çox müsbət təsir edəcək. Bu, eyni zamanda Ermənistanın Azərbaycanın mövqeyini qəbul etməsi kimi də dəyərləndirilməlidir. Azərbaycan regionda sülhün, sabitliyin əldə olunması üçün öz şərtlərini ortaya qoyub. Ermənistan bunları başa düşürsə, deməli, regionda nətiəcələrə nail olmaq mümkün olacaq”.
Ağ Partiya sədri Tural Abbaslı da düşünür ki, İlham Əliyevlə Paşinyan görüşü mühüm hadisədir:
“Bir çox məsələlərin razılaşdırılması, bir sıra məsələlərdə ortaq yolun axtarılması təbiidir. Çünki qonşu dövlətlər bir-biriləri ilə hesablaşmalı, nəzərə almalıdır. Ermənistan indi Azərbayanın mövqeyi ilə hesablaşır, onu nəzərə alırsa, bunun özü müsbət haldır. Amma bizim tələblərimiz - Zəngəzur dəhlizi, onun statusu məsələsi var. Ağ Partiya düşünür ki, Qərbi Azərbaycandan olan qaçqınların ata-baba yurdlarına qayıtması məsələsi mühümdür. Bunların hamısının danışıqlar yolu ilə həll olunmasında maraqlıyıq”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə məsələ ilə bağlı bunları deyib:
“Azərbaycan və Ermənistan lidrlərinin heç bir vasitəçilərin iştirakı olmadan görüşü təbii ki, alqışa layiqdir. Bu, o deməkdir ki, iki ölkə problemləri digər tərəflərin rəyləri nəzərə alınmadan həll etməyə çalışırlar. O mənada Prezident İlham Əliyev və Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşünü çox müsbət qiymətləndirmək olar. İki ölkə arasında razılaşmaya doğru daha mühüm addım atılır. 17 maddədən ibarət sülh sənədinin imzalanması lazımdır. O cümlədən Azərbyacan əmin olmalıdır ki, gələcəkdə Ermənistan ona qarşı hər hansı bir iddialarla çıxış etməyəcək. Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası prosesi ilə bağlı məsələlərin müzakirə olunması olduqca təqdirəlayiqdir. Bu iki ölkə arasındakı anlaşılmazlıq mühitini getdikcə daha da aradan qaldıracaq. Bizim üçün önəmli olan məsələlərdən biri - Qazaxın 3 kəndinin də qaytarılması məsələsi yəqin ki, müzakirə olunub. Çox güman ki, irəliyə doğru addımalr da var. Sülh sazişinin imzalanmasında maraqlıyıq. Bunu dəfələrlə bəyan etmişik. Amma Azərbaycana qarantiya verilməlidir.
Düşünürəm ki, dövlət rəhbərlərinin əldə etdiyi nəticələrin uğurlu effektini tezliklə reallıqda və praktikada görə biləcəyik”.