Banklarda kreditlə bağlı vəziyyət yaxşı deyil. Problemli kreditlərin ümumi portfeldə payı zamanla yalnız artır. Məsələn, 2024-cü ilin dekabrında məlum olmuşdu ki, bir il əvvəlin eyni dövrü ilə müqayisədə 13 faiz artım var. Rəsmi açıqlamalarda təxminən 500 milyon manatdan danışılır. Amma bankların ayrı-ayrılıqda hesabatlarındakı rəqəmlər daha böyük məbləğ ortaya çıxarır.
Bizimyol.info xəbər verir ki, bank olmayan kredit təşkilatları (BOKT) böyük zərərlə işləyir. Bəzisinin zərəri milyon manatı keçir. Bizə heç də az görünməsin. Çünki kredit portfelinin yalnız 5,9 faizini BOKT-lar müştərilərə paylayır. Daha çox pay banklara düşür. Buna baxmayaraq, kredit təşkilatları da müştərilərin kəskin borclanmasının qarşısını ala bilmir. Üstəlik, zərərin həcmi böyüyür.
“Para BOKT”un zərəri 1,2 milyon manata çatıb. “Payonix BOKT” 171 min, “Nova Kredit” 72 min, “İrşad BOKT” 68 min, “Azfinans BOKT” isə 38,7 min manat zərər edib. “TBC Kredit”in mənfəəti 18 dəfə azalıb. Mənfəət müstəvisində “Finex BOKT”un 70, “TCF BOKT”un 31, “FİNCA”nın isə 19,2 faiz geriləməsi diqqət çəkir. Ümumiyyətlə, kredit təşkilatlarının sürətlə kiçilməsi nəzərə çarpır. Sanki tezliklə əksəriyyəti sıradan çıxacaq.
“Finans İnvest” haqqında ayrıca danışmaq lazımdır. Bu bank olmayan kredit təşkilatı az qala hər il zərərlə işləyir. Qurum o qədər sürətlə kiçilir ki, hələ də fəaliyyət göstərməsi təəccüblüdür. Kredit təşkilatının azı 6 ildir gerilədiyini müşahidə edirik. Halbuki “Finans İnvest” cəmi 8 ildir fəaliyyət göstərir. Səhmdarlar ayrı-ayrı vaxtlarda təşkilatın ilkin kapitalını beş dəfədən çox artırmağa nail olsa da, işlər heç vaxt qaydasında getmir.
Təkcə istehlak kreditlərinin həcminin getdikcə artması müştərilərin sosial vəziyyətini anlamaq üçün kifayət edir. İnsanlar ən kiçik problemlərin həlli üçün banklara, kredit təşkilatlarına üz tutmalı olur. Dərd orasındadır ki, həmin təşkilatların durumu da indi müştərilərdən çox da fərqlənmir. Əksəriyyəti geri gedir.