HƏLƏBDƏN AZƏRBAYCANA BÖYÜK BİR KÖÇ YÖN ALIR
Tarix: 30-07-2012, 12:24 |
Çap et
TƏXMİNƏN 300 AİLƏNİN ÖLKƏMİZƏ KÖÇÜRÜLMƏSİ ÜÇÜN DANIŞIQLAR GEDİR
DİA.AZ: - Məlum olduğu kimi, son iki gündə Suriyanın Hələb şəhərini iki yüz min adam tərk edib. Bildirək ki, Hələbdə hökumət qoşunları ilə müxalifətçilər arasında güclü döyüşlərin getməsi buna səbəb olub.
Artıq Hələbdən köçənlərin ayrı-ayrı ölkələrə səpələndiyi də məlumdur. Bu müstəvidə ən böyük ağırlığı çəkən ölkə qardaş Türkiyədir. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hələbdən köçənlərin böyük hissəsi - təxminən 25 min nəfər qardaş ölkəyə sığınıb. Amma bu məlumatlar içində Azərbaycan üçün cəlbeidici olanı da var.
Türkiyədəki qaynaqların bildirdiyinə görə, Hələbdən köç edən türk kökənli suriyalıların bir hissəsi də Azərbaycana köç etməyə başlayıblar. Mənbə bildirir ki, təxminən 300 ailə bu qərarını verib və rəsmi Ankara Azərbaycanın Türkiyədəki səfirliyi ilə Hələbdən köç edən ailələrin ölkəmizə göndərilməsi üçün danışıqlar aparır.
Hələlik bu barədə rəsmi Bakının mövqeyi bəlli olmadığından Ankaradakı elçiliyimiz Türkiyə dövlətinə hər hansı cavabı verə bilməyib. Mənbəmizin söylədikləri: «Maraqlıdır ki, Suriyadan köçən türkəsilli vətəndaşların əksəriyyəti zamanında Azərbaycandan köç etdiklərini iddia ediblər və onlar Azərbaycanda qohumlarının olduğunu söyləməklə yanaşı, müvəqqəti olaraq Azərbaycana sığınmaq istədiklərini də bildiriblər».