“Bütün Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətləri malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətini təmin etməyə borcludur. Əgər təmin edilmirsə, bu, AİB qanunvericiliyinin işləmədiyi deməkdir. AİB üzvləri olaraq, AİB-in fəaliyyət göstərməsini, işləməsini, məsələn, KTMT kimi olmamasını istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Nikol Paşinyanın telefon danışığı və Ermənistan mallarının Rusiya bazarına idxalına qoyulan qadağa ilə bağlı danışarkən deyib.
Nazir bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Avropa İttifaqı və Çində satılan məhsulun Rusiyada satılmaması mümkün deyil, ona görə də, bu, AİB prinsiplərinin işləməsini də təmin edəcək məsələnin müzakirəsini zəruri edir.
“AİB prinsiplərinin işləməməsi təkcə Ermənistanın problemi deyil. Biz təşkilatın heç bir işləməyən mexanizminə qarşı neytral və ya passiv münasibət bəsləyə, buna kənardan səssiz tamaşa edə bilmərik”, - Papoyan vurğulayıb.









