Məcburi iməciliyə aparılan Ordubad sakini Elvar Babayevin günvurma nəticəsində öldüyü bildirilir. Hadisənin baş verdiyi şənbə günü temperatur 40 dərəcəni keçib, buna baxmayaraq insanlar günün altında işləməyə məcbur ediliblər.
Elvar Babayevin ölümündən sarsılan anası Fatimə Babayeva isə hadisədən bir gün sonra yaşadıqları Vənəd kəndində həyatına son qoyub.
Bu barədə “Gündəlik Naxçıvan”a mərhumların yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, 25 yaşlı Elvar həmin gün səhhətini səbəb göstərərək iməciliyə getməmək üçün icazə istəsə də, işdən çıxarılmaqla hədələnib:
“Rayonun kommunal təsərrüfat qurumunda işləyirdi. Həmin gün təzyiqi yuxarı olub, deyib ki, bu gün hava çox isti olacaq, icazə verin iməciliyə gəlməyim. Telefonda üstünə qışqırıblar ki, iməciliyə gəlməsən, işdən qovulacaqsan. Bu yazıq da təzə rüşvət verib işə düzəlmişdi. Əvvəllər Türkiyədə işləyib.
İşdən qovulmamaq üçün məcbur gedib iməciliyə. İməcilik çöllük ərazidə, günün altında keçirilir. Burada əməkdaşlara ot yoldurulur, alaq təmizlətdirirlər.
Günortaya yaxın temperatur 45 dərəcəyə kimi çatıb. Yenə evə getmək üçün icazə istəyib, verməyiblər. Anidən ürəyi gedib və yıxılıb. Təcili yardım xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb”.
Yaxınları bildirirlər ki, Elvarın ölümündən sonra anası Fatimə Babayeva aidiyyəti qurumlara müraciət edərək günahkarların cəzalandırılmasını tələb edib, lakin onunla kobud davranılıb:
“Həm oğlunun ölümü, həm də bu cür davranış anasını sarsıdıb. O da oğlunun ölümündən bir gün sonra canına qıyıb”.
Mərhumun yaxınları hadisənin əsl səbəbinin gizlədilməsinə çalışıldığını da iddia edirlər:
“Xəstəxanaya, Elvarın iş yoldaşlarına və qohumlarına tapşırılıb ki, onun ürəktutma xəstəliyindən öldüyünü desinlər. Rəsmi mətbuat da iməcilik və günvurma məsələsini gizlədir, ölümü guya onun xəstəliyinə bağlayırlar. Hər kəsi də təhdid ediblər ki, bu haqda danışmasınlar”.
Naxçıvanda idarə və müəssisə işçilərinin hər həftə məcburi iməciliyə cəlb edilməsi uzun illərdir adi hala çevrilib. İməcilikdə iştirak etməkdən imtina edənlərin işdən çıxarılmaq, bəzi hallarda isə həbs olunmaqla hədələndiyi bildirilir. İşçilər yay-qış demədən açıq havada və çöllük ərazilərdə alaq təmizləməyə, ot yolmağa və digər fiziki işlərə cəlb olunurlar.









