Ukrayna Müdafiə Qüvvələri iyulun 29-na keçən gecə müvəqqəti işğal olunmuş Krımda, Mejvodnoye yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasının sürət katerlərinin yerləşdiyi bazanı vurublar.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının teleqram kanalında məlumat yayılıb.
Qurumun məlumatına görə, obyektdən patrul xidməti, sahil mühafizəsi, logistika təminatı və Rusiya qoşunlarının maraqları naminə digər tapşırıqların yerinə yetirilməsinə cəlb olunan sürət katerlərinin texniki xidməti və təminatı üçün istifadə edilirdi.
Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın Ryazan vilayətindəki "Ryazan" neft emalı zavoduna (NEZ) zərbə endirildiyini təsdiqləyib. Baş Qərargahdan bildirilib ki, obyektin vurulub və ardınca yanğın baş verib.
Qeyd olunub ki, Ryazan NEZ ildə təxminən 17 milyon ton neft emalı gücü ilə Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Müəssisə avtomobil benzinləri, dizel və aviasiya yanacağı və digər məhsullar istehsal edir.
Baş Qərargahın məlumatına görə, Rusiyanın Bryansk vilayətinin Poçep rayonu ərazisində Rusiyanın radiolokasiya stansiyası da vurulub.
"Bundan əlavə, Ukrayna hərbçiləri Donetskdə zərbə PUA-larının saxlanc, hazırlıq və buraxılış yerini, Portovskoyedə maddi-texniki təminat anbarını və Donetsk vilayətində düşmənin hərbi logistika üçün istifadə etdiyi avtomobil körpüsünü vurublar", – qurumdan bildirilib.









