Türk Dünyası Gənclər Birliyi (DTGB) Qaqauz Yeri Muxtar Bölgəsində son dövrlərdə baş verən hadisələrlə bağlı bəyanat yayıb. Təşkilat Moldovada qəbul edilən son qərarların Qaqauz türklərinin muxtariyyət statusuna və demokratik hüquqlarına ciddi zərbə vurduğunu bildirib.
Musavat.com xəbər verir ki, bəyanatda Moldova Konstitusiya Məhkəməsinin Qaqauz Xalq Məclisinin yerli seçki orqanını formalaşdırmaq, həmçinin təhlükəsizlik və ədliyyə qurumlarının regional rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv etməsinin muxtariyyətin konstitusion statusunu zəiflədən addım olduğu vurğulanıb.
Sənəddə qeyd edilir ki, Qaqauz xalqının demokratik və qanuni yolla seçdiyi rəhbərlərin azadlıqlarından məhrum edilməsi, səlahiyyət müddəti 2025-ci ilin noyabrında başa çatan Qaqauz Xalq Topluşu seçkilərinin hələ də keçirilməməsi, eləcə də 2026-cı ilin martına planlaşdırılan başqan seçkilərinin ləğv edilərək qeyri-müəyyən tarixə təxirə salınması xalq iradəsinə yönəlmiş narahatedici proseslərdir. DTGB bu addımları qəbuledilməz adlandıraraq BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı və beynəlxalq insan hüquqları qurumlarını vəziyyəti yaxından izləməyə, demokratik proseslərin bərpası istiqamətində zəruri təşəbbüslərlə çıxış etməyə çağırıb.
Bəyanatda bildirilir ki, baş verən hadisələr İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 9, 10 və 21-ci maddələri, həmçinin BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 25-ci maddəsi ilə təmin olunan seçmək və seçilmək hüququ, demokratik təmsilçilik və hüququn aliliyi prinsipləri baxımından ciddi suallar yaradır. Təşkilat Moldova hakimiyyətini hüququn aliliyinə, demokratik prinsiplərə və beynəlxalq insan hüquqları üzrə öhdəliklərə əməl etməyə çağırıb.
DTGB eyni zamanda bəyan edib ki, yaranmış vəziyyətin Moldova və Qaqauz xalqları arasında yüzillər boyu formalaşmış dostluq və qarşılıqlı etimad münasibətlərinə zərər vurmasına imkan verilməməlidir. Təşkilatın mövqeyinə görə, problemin mənbəyi xalqlar deyil, demokratik hüquq dövləti prinsipləri ilə uzlaşmayan qərarlar qəbul edən Moldova hakimiyyətidir.
Sonda vurğulanır ki, Moldova və Qaqauz xalqları arasında qardaşlıq və birgəyaşayış ənənələrinin qorunması regionun sabitliyi və ortaq gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəyanat DTGB-nin səlahiyyətli qurumları adından təşkilatın başqanı və DTGB Vəqfi Qəyyumlar Şurasının sədri Ərsin Gözəl tərəfindən imzalanıb.



















