Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Əliyevin cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 2025-ci ilin avqust ayında saat 19:26 radələrində Astara rayonunun Suparibağ kəndində baş verib.
Belə ki, Vüsal Əliyevin atası Əvəz Əliyev uzun müddət əvvəl motosikletini təmir olunması üçün həmkəndlisi Ceyhun Məmmədova təhvil verib və bunun üçün əvvəlcədən ödəniş etsə də, iki ildən artıq müddət keçməsinə baxmayaraq nəqliyyat vasitəsi təmir edilməyib. Hadisə günü atası məsələni aydınlaşdırmaq məqsədilə Ceyhun Məmmədovun yaşadığı evə tərəf yollanıb.
İstintaq materiallarına əsasən, kəndarası yolda o, təsadüfən Ceyhun Məmmədovun atası zərərçəkmiş İskəndər Məmmədovla qarşılaşıb. Tərəflər arasında mübahisə yaranıb və İskəndər Məmmədov yerdən götürdüyü taxta parçası ilə Əvəz Əliyevin baş nahiyəsinə zərbə endirib. Daha sonra onlar arasında əlbəyaxa dava düşüb və qarşılıqlı nalayiq ifadələr səsləndirilib.
Bu hadisəni görən təqsirləndirilən şəxs hiddətlənib, atasına qarşı edilən hərəkətlərin qisasını almaq qərarına gəlib. Vüsal üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq İskəndər Məmmədova ardıcıl zərbələr endirib.
Ekspertiza rəylərinə əsasən, zərərçəkmişə döş qəfəsindən qarın boşluğuna keçən, qaraciyər və sidik kisəsini zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayiət olunan iki kəsilmiş-deşilmiş yara yetirilib. Bundan başqa, onun bədəninin müxtəlif nahiyələrində – sağ sağrı, onurğa sütununun döş hissəsi, qarın, ənsə və sağ gicgah nahiyələrində ümumilikdə altı kəsilmiş yara aşkarlanıb. Həmin xəsarətlər nəticəsində İskəndər Məmmədov hadisə yerində ölüb.
Hadisədən sonra Vüsal Əliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs məhkəmədə nə dedi?
Məhkəmə istintaqı zamanı dindirilən Vüsal Əliyev özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, hadisə günü axşam saatlarında evə gəldikdə atasının telefonla İskəndər Məmmədovun qohumlarından biri ilə danışdığını görüb. Atasının sərxoş vəziyyətdə olduğunu və velosipedlə evdən çıxdığını görərək onun İskəndər Məmmədovun yaşadığı ünvana getdiyini düşünüb.
Təqsirləndirilən şəxs ifadəsində deyib ki, atasının təhlükə ilə üzləşəcəyindən ehtiyat etdiyi üçün evdən çıxarkən mətbəx bıçağını da özü ilə götürüb. Kənd məktəbinin yaxınlığında bacısının həyat yoldaşı onu saxlamağa çalışsa da, Əvəz Əliyevin arxasınca getməkdə israr edib. Sonradan yeznəsi onu avtomobilə mindirib sakitləşdirməyə çalışıb.
Vüsal Əliyev ifadəsinə əlavə edərək bildirib ki, onlar hadisə yerinə çatdıqda atası Ceyhun Məmmədovun oğlu ilə danışırmış. Bir qədər sonra İskəndər Məmmədov motosikletlə hadisə yerinə gəlib, nəqliyyat vasitəsini saxlayaraq yerdən taxta parçası götürüb Əvəz Əliyevin baş nahiyəsinə zərbə endirib. Ardınca ona bir neçə yumruq vurub və ağır söyüşlər söyüb. Həmin vaxt Vüsal Əliyevlə İskəndər Məmmədov arasında təxminən 6-7 metr məsafə olub.
O qeyd edib ki, atasını müdafiə etmək məqsədilə hadisəyə müdaxilə edib və ilk bıçaq zərbəsini İskəndər Məmmədovun boyun nahiyəsinə endirib:
"İlk bıçaq zərbəni vurandan sonra özümdə deyildim. Əsəbi vəziyyətdə idim, sonrakı hərəkətlərimə nəzarət edə bilmədim”.
Vüsal hadisədən sonra Əvəz Əliyevi avtomobilə mindirərkən "İskəndəri öldürmüşəm, məni polis şöbəsinə apar" dediyini də etiraf edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən təxminən 15 dəqiqə əvvəl atası ilə İskəndər Məmmədov arasında baş vermiş mübahisədən xəbəri olmayıb:
“Atam hadisə zamanı mənə kömək etməyib”.
Sonda Vüsal Əliyev törətdiyi əmələ görə peşman olduğunu bildirərək məhkəmədən ona qanunda nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsini xahiş edib.
Məhkəmədə şahid qismində dindirilən mərhumun həyat yoldaşı deyib ki, oğlu Ceyhun Məmmədov dəmirçi işləyir və təqsirləndirilən şəxsin atasına məxsus motosiklet uzun müddət onların həyətində qalıb:
“Hadisə günü Vüsal motosikleti təmirsiz vəziyyətdə aparmaq üçün bizim evə gəlib. Ceyhun Vüsala tələsməməyi və məsələni sakit həll etməyi desə də, sonuncu motosikleti götürərək gedib. Həmin gün özüm qohum evində idim. Axşam saatlarında mərhum ərim mənə zəng edərək Əvəz tərəfindən döyüldüyünü və polisə müraciət etmək istədiyini dedi. Mən isə həyat yoldaşımı sakitləşdirərək şikayət etməməsini xahiş etdim. Bir qədər sonra İskəndərlə əlaqə saxlaya bilmədim. Hadisə yerinə gəldikdə isə onu palçığın içində hərəkətsiz vəziyyətdə uzanmış halda gördüm”.
Onun sözlərinə görə, polisə müraciət etməməsi barədə ərinə dediyi vaxtla hadisənin baş verməsi arasında cəmi on dəqiqəyə yaxın vaxt keçib.
Məhkəmə iclasında şahid qismində çağırılan təqsirləndirilən şəxsin atası Əvəz Əliyev oğlunun yaxın qohumu olduğunu əsas gətirərək ifadə verməkdən imtina edib.
Bununla belə, onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə elan olunub və şahid həmin dindirilmə zamanı göstərilən halları təsdiqləyib.
Məhkəmənin hökmü ilə Vüsal Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.









