Paytaxtda ağacları qurd basıb. Bu hal Binəqədi, Xətai, Suraxanı rayonları ərazisində müşahidə olunur. Xüsusən də tut ağaclarının budaqları sanki ağ torla örtülüb. Bunun Amerika kəpənəyi olduğu deyilir. Azərbaycan Tibb Universitetinin Biloji kimya kafedrasının dosenti, tibb elmləri üzrə tədqiqatçı Fuad İslamzadə “Sherg.az”a açıqlamasında bildirdi ki, 2 il bundan əvvəl Bakı ərazisində bitkilərin zərərvericilərdən qorunmadığına dair məsələ qaldırmışdı:
- Məsələ ictimailəşdikdə Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin cavabı bu oldu ki, problem ekologiya ilə əlaqədardır. Bununla da işlərini bitmiş hesab etdilər. Belə səhlənkar münasibətin nəticəsidir ki, bütün Abşeron ərazisində yaşıllıqlar məhv olmaq üzrədir. Bunun Amerika kəpənəyi olduğunu deyənlər var, amma araşdırılmalıdır və uyğun tədbir görülməlidirdir. Zərərvericilər ağaclara çox ziyan vurur. Vətəndaşlar bildirir ki, ötən il 9-cu mikrarayonda Zeytunluq ərazisindəki tut ağaclarını qurd basmışdı, indi həmin ərazidəki həmişəyaşıl ağaclara göbələk xəstəliyi düşüb.
Müxtəlif vasitələrlə ağacları xilas etməyin yollarını bildirirlər. Məsələn, bir vedrə suya bir paltar sabunu, 100 qram sirkə - uksus, 100 qram da qabyuyucu məhlul qarışdırıb budaqlara səpmək olar, deyilir. Amma ən doğru olanı həşəratların hansı növə məxsus olduğunu laborator şəraitdə yoxlamaq, buna uyğun tədbir görməkdir. Bu da Bakı şəhər İcra Hakimiyətinin, Yaşıllaşdırma İdarəsinin vəzifəsidir. Şəhərdə onsuz da ağaclar getdikcə azalır, olanlarısa da qorumaq lazımdır.
Qeyd edək ki, son illərədək küçələrdə, parklarda ağaclara aşağı hissədən müəyyən həddə qədər əhəng çəkilirdi, qurd-quşa qarşı, indi buna rast gəlinmir.








