Məhərrəm ayının gəlişi ilə əlaqədar Azərbaycanın bir çox bölgələrində, həmçinin paytaxt Bakıda dini ayinlər keçirilir.
Gununsesi.info-ya danışan Sumqayıtdan olan bəzi sakinlər yas mərasimi günlərində ibadət evlərində gecə saatlarına qədər səs gücləndiricilərdən istifadə olunmasından narahatlıqlarını bildiriblər.
” Burdakı məscidlərdə məhərrəmlik münasibətilə gecə gec saatlara qədər yüksək səslə mərsiyələr və moizlər oxudurlar.
Məscid yaxınlığında yaşayanlar üçün əməlli başlı işgəncədi. Sanki evin içində səsgücləndirici var. Hər kəs imanı da, inancı da, matəmi də özü üçündür. İnsanlar işdən gəlir, yatmaq istəyir , kiminin evində xəstə var, uşaq var. Bu ibadət deyil, rəsmən insanların haqqına girməkdi. Səsgücləndiricidən istifadə ya dayandırılısın, ya da saata görə məhdudlaşdırılsın. Axşam saat ən gec 8-dən sonra qadağan olsun”.
Vətəndaşlar aidiyyəti qurumlardan səs səviyyəsinin tənzimlənməsini və gecə saatlarında məhdudiyyətlərin tətbiq olunmasını xahiş edirlər.
Gununsesi.info–ya danışan ilahiyyatçı Tural İrfan məsələyə münasibət bildirib.
O qeyd edib ki, İslam dininə görə ibadətlər, itaətlər, dini ayinlər icra olunarkən əsla başqalarını narahat etməməli, əziyyətə salmamalıdır:
“Bəzən Cümə namazı vaxtı adamlar maşınları yollarda saxlayıb nəqliyyatın hərəkətinə mane olur, ictimai nəqliyyatda gedən yaşlı, xəstə adamlar, dərsə gecikən uşaqlar, işə tələsən adamlar narahat olur. Bu, dinin qaydalarına əksdir. Həmçinin Məhərrəm ayında keçiriləcən tədbirlər, səsucaldanla gecə saatlarında insanları çox ciddi şəkildə narahat edir. Xüsusilə də gecə yarıya qədər davam edən bu tədbirlərin sədası səsucaldanla ətrafa yayılır. Ağlaşma, lənət, nifrin, hay-küy sədaları təbii ki, xəstə, yaşlı adamları, körpələri narahat edir. İnsanların psixoloji vəziyyətini gərginləşdirib din haqda mənfi fikrə gətirir. Yəni, dini yalnız ağlaşma, lənət kimi təqdim edirlər. Halbuki İslamda əsla belə tədbirlər yoxdur. Ən əsası isə bu tədbirlər xüsusilə gecə saatlarına qədər uzadılır, sanki başqalarında qıcıq yaratmaq, etiraz formalaşdırmaq üçün məqsədli şəkildə səsucaldanın səsini daha da ucaldırlar. Bu açıqca hiss olunur. Kənar təsirlər və təxribat cəhdləri də açıq hiss olunur. Ona görə ki, Məhərrəm ayında keçirilən bu ayinlərin İslamda heç bir əsası yoxdur və bu vaxtilə tarixi proseslər nəticəsində siyasi etiraz aksiyası xarakteri alıb. Hər kəs öz inancını, etiqadını başqalarını narahat etməyəcək tərzdə yaşatmalıdır. Başqalarına əziyyət verən ibadət də ibadət deyil. İmam Hüseyn əleyhissəlam heç kəsə əziyyət verməyib. Özündən sonda da başqalarını incidəcək ənənə qoyub getməyib. Matəm, ağlaşma, mərsiyyə məclisi keçirməyi şərt bilənlər keçirsin. Amma bunu gərək hökmən bağıraraq, səsucaldan aparatlarla kənara ixrac edəsən? Bu əməl dinin harasında yazılıb? Belə şey yoxdur İslamda. Bunların məqsədi sadəcə dinə nifrət yaratmaq, ikrah etdirmək, qıcıq oyatmaq və nəticədə təxribata nail olmaqdır. İşin arxasında da bu məsələlərə ideya verən xarici maraqlardır”.








