Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ”ın Avtriyaya təlim-məşq toplanışına yollanan heyəti arasında bir müddət öncə komandadan göndərilən Elvin Cəfərquliyevin də yer alması maraqla qarşılanıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov futbolçunun formasını bərpa etməsi üçün ona belə bir şans tanıyıb.
Amma bu, təcrübəli mütəxəssisin Elvin Cəfəquliyevlə bağlı uzumüddətli planlarının olduğu anlamına gəlməməlidir.
Yəni, oyunçunun transferə çıxarılması ilə bağlı qərar hələ də qüvvədədir. Belə olan halda Elvin üçün sərfəli təkliflə “Qarabağ”ın qapısını döyəcək kluba “yox” deyilməyəcək.
İndiki halda isə futbolçu üçün ciddi və rea təklif yoxdur. Belə durumda Elvin Cəfərquliyevin təlim-məşq toplanışından kənarda qalması onunla maraqlanan klubların da diqqətində mənfi nüans kimi qalacaqdı ki, bu da onun transferində ciddi əngəl yarada bilərdi. Bunu nəzərə alan Qurban Qurbanov, iki ilə yaxındır davam edən intizamsızlıqlara baxmayaraq, futbolçuya belə bir jest edib. Elvin isə bu şansdan maksimum yararlanıb formasını bərpa etməlidir.
Qeyd edək ki, Elvin Cəfəquliyevin “Qarabağ”la sözləşməsi gələn ilin yayında başa çatır. Onu da əlavə edək ki, Elvinlə yanaşı, təlim-məşq toplanışına komandanın əvəzedici heyətindən də bir neçə futbolçu cəlb olunub.








