Polşada qətl törətməkdə ittiham olunan Azərbaycan vətəndaşı Orxan Məmmədbəyli Ukraynada saxlanılıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevin Şevçenko Rayon Məhkəməsi 34 yaşlı Orxan Məmmədbəyli barəsində 40 sutka müddətinə həbs qətimkan tədbiri seçib. O bu müddət ərzində Lukyanovka İstintaq Təcridxanasında saxlanılacaq.
Məlumata görə, qərar iyunun 1-də hakim Vladimir Buqil tərəfindən qəbul edilib. Hazırda həmin qərardan apellyasiya şikayəti verilib.
İstintaq materiallarında bildirilir ki, Orxan Məmmədbəyli mayın 29-da Kiyevdə saxlanılıb. Onun tutulmasına Polşa hüquq-mühafizə orqanlarından SIENA sistemi vasitəsilə daxil olan məlumat əsas verib. Həmin məlumata görə, azərbaycanlı barəsində Avropa Həbs Orderi və İnterpolun "qırmızı bülleteni" mövcud olub.
Polşa tərəfi Orxan Məmmədbəylini 2025-ci il fevralın 22-də Varşavanın mərkəzində baş vermiş qətl hadisəsi ilə əlaqədar məsuliyyətə cəlb edir. Həmin gecə Konstitusiya meydanında yerləşən gürcü restoranında başlayan mübahisə sonradan küçədə kütləvi davaya çevrilib.
Hadisə zamanı Gürcüstan vətəndaşı, 31 yaşlı David K. sinəsindən aldığı bıçaq zərbəsi nəticəsində ölüb. Daha iki nəfər isə bud və çanaq nahiyəsindən bıçaqlanaraq yaralanıb.
Mediada yayılan məlumatlara görə, hadisənin Polşada fəaliyyət göstərən etnik cinayətkar qruplar arasında hesablaşma ilə bağlı ola biləcəyi ehtimal edilir. Bununla belə, Varşava Prokurorluğu rəsmi olaraq yalnız bir neçə Gürcüstan vətəndaşının saxlanıldığını və məhkəmə qərarı ilə həbs olunduğunu açıqlayıb.
Qeyd olunur ki, 2025-ci il fevralın 22-də Varşava-Şredmestye Rayon Məhkəməsi Orxan Məmmədbəyli barəsində də həbs qərarı çıxarıb.








