DİA.AZ: - Azərbaycanda ən çox rüşvət hansı universitetlərdədir? Hər halda bu sual hər zaman düşündürücü olub. Çünki sovet dövürndən qalma bu mərəz hələ də aktualdır. Keçmiş təhsil naziri Misir Mərdanov heç... onun dövründə təkcə ali məktəblərdə yox, təhsilin bütün sferalarında rüşvət və korrupsiya özünün ən möhtəşəm dövrünü yaşadı.
Elə buna görə idi ki, indiki təhsil naziri Mikayıl Cabbarova həddən artıq ictimai ümid var idi. Əksəriyyət inanırdı ki, Mikayıl Cabbarov Misir Mərdanovdan fərqli davranacaq. Amma gözlənilənlər baş vermədi. Əksinə, yalnız orta məktəblərdə “süpürgə pulunu” qadağan edəcək həddə cəsarət sahibi olan Mikayıl Cabbarov hətta ən primitib pulyığma bəhanələrini belə ali və orta məktəb rəhbərlərinin əlindan ala bilmədi. Elə buna görə də, indi bəzən Mikayıl Cabbarovun dövründə də pardaxlanan təhsil korrupsiyasını görənlər, bundan bezənlər “Allah Misir Mərdanovun atasına rəhmət eləsin” deyərək, əsəblərini sakitləşdirirlər.
Bu gün də imtahan sezonu olduğundan biz ali məktəblərdə rüşvətxorluğun çiçək açdığını təxmin edərək DİA.AZ portalı olaraq sorğu keçirmək qəraına gəldik. Bildirək ki, sorğumuzda əsasən gənclər iştirak edirdi və həm də tələbə olan gənclər...
Sorğumuza qatılan tələbələrin əksəriyyəti qiymətlərin artdığını söyləsə də bəzi tələbələr rüşvət halı ilə qarşılaşmadıqlarını bildiriblər. Yəni bunu da etiraf edək. Amma bir maraqlı məqamla şahid olduq ki, oxuduqları ali təhsil ocağında rüşvətin olmadığını iddia edənlər bizdən bərk ehtiyat edirdilər. Elə zənn edirdilər ki, onların kimlikləri rektora bəlli olacaq. Yəni qeyri-səmimi cavabları əslində, ehtiyatlanmalarının təzahürü kimi diqqətə aydın şəkildə gəlməkdə idi.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Gülər Əliyeva qeyd edir ki, universitetdə rüşvət adi hal alıb. Belə ki, tələbələr semestr imtahanı zamanı nə qədər pul verəcəklərini bir neçə ay öncədən bilir: İqtisad Universitetində rüşvət verməyənə pis baxırlar (gülür). Tələbələr də vəziyyəti yaxşı bilir və vaxtı-vaxtında pulu çatdırır"
Kooperasiya Universitetinin tələbəsi Elnur Əliyev isə, rüşvət halları ilə qarşılaşdığını inkar etməyib: “Bizdə universitet “açıq bazarı” xatırladır . Açıq-aşkar, hər şey hamının gözləri qarşısında baş verir. Dekanların heç bir qorxusu yoxdur”.
Qafqaz Universitetinin tələbəsi İlkin Quliyev isə, özəl universitet olmasına baxmayaraq təhsil aldığı universitetdə heç bir rüşvət halı ilə qarşılaşmadığını söyləyib: “Mən artıq 3 ildir ki, Qafqaz Universitetində təhsil alıram. Bu günə qədər bir manat da olsun rüşvət verməmişəm. Qrup yoldaşlarım da mənim kimi dərslərimizi oxuyaraq qiymətimizi alırıq”.
Ən bərbad durumun isə hörmətli alimimiz Yusif Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində olduğunun şahidi olduq. Belə ki, bizimlə söhbətində adının çəkilməsini israrla istəməyən tələbə (təbii ki, biz onun arzularını nəzərə aldıq – red.) bildirdi ki, bu gün ADPU-da əməlli-başlı bazaar açılıb. Tələbənin sözlərinə görə, hətta ADPU-nun müəllimləri kimsədən ehtiyat etmədən hər kəslə bazarlıq edirlər. biz də bunu yoxlamaq qərarına gəldik və özümüzü tələbə yaxınlarından biri kimi təqdim etdik. Yaxınlaşdığımız kifayət qədər aidiyyatı olan müəllim (etika xətrinə onun kimliyi barədə də bilgiləri özümüzdə saxlayırıq - red.) bizimlə hər imtahanın öz qiymətinin olduğunu bildirdi.
diaaz.space-a danışan tələbə işin tək bununla bitmədiyini də söylədi: “Bəlkə başqa ali məktəblərdə belə deyil. Amma bizdə dövlət imtahanına ən azından 2000 manat pul alırlar. Adı da o olur ki, pulun hamısı nazirliyə çatır. Yəni ADPU dövlət imtahanından yığılan pullara əl uzada bilməz. amma yalandır. Biz bilirik ki, rektorun dab u pullarda payı var”.
Xatırladaq ki, ADPU-nun tələbələri kifayət qədər fəaldırlar və onlar hətta bir dəfə rektorun qərarına etiraz olaraq üsyana da qalxmışdılar. Amma buna rəğmən bu gün ADPU yenə də rüşvət məngənəsindədir.
Qeyd edək ki, portalımız tərəfindən “Facebook” sosial şəbəkəsində də “Ən çox hansı universitetdə rüşvət galı ilə qarşılaşmısınız?” adlı sorğu keçirilib. Sorğuda 3 saat ərzində 500-dən çox insan iştirak edib. Sorğu nəticəsində müəyyənləşən “top 10”luğu təqdim edirik.
1. Azərbaycan Dövlət Pedoqoji Universiteti
2. Kooperasiya Universiteti
3. Azərbaycan Dövlət İqtisad Universiteti
4. Texniki Universitet
5. Bakı Dövlət Universiteti
6. Azərbaycan Dillər Universiteti
7. Tibb Universiteti
8. Memarlıq və İnşaat Universiteti
9. Azərbaycan Dövlət Neft Akademiyası
10. Odlar Yurdu Universiteti
Göründüyü kimi, bu sorğumuzda da ADPU kifayət qədər “samballı” məqamda dayanır. Bu fakt həm də ona əsas yaradır ki, əgər möhtərəm Mikayıl Cabbarov cənabları ali təhsil ocaqları ilə bağlı birdən nəsə islahat, dəyişiklik, tədbir görmə fikrinə düşərsə, o zaman ADPU ilkin başlanğıc üçün ən münasib ünvandır….









