Mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil və digər dövlət məmurunun vəhhabilərə maliyyə yardımı etməsi haqda məlumat yayılıb.
Dövlət daxilində vəhhabi təriqətinə mənsub şəxslərin olması ehtimalı nə qədərdir?
Sabiq dövlət katibi, politoloq Qabil Hüseynli Hafta.az-a açıqlamasında dövlət daxilində vəhhabilərə dəstək verən şəxslər haqda konkret məlumatı olmadığını bildirib:
“Mənim dövlət məmurlarından və yaxud övladlarından kiminsə vəhhabilərə dəstək verməsi haqda məlumatım yoxdur. Amma qəzetlər bu haqda yazır. Açıq demək lazımdır ki, vəhhabilərə əsas dəstək Səudiyyə Ərəbistanından gəlir. Şimali və Cənubi Qafqazda insanları vəhhabi sıralarına qəbul edib və orada saxlayan Səudiyyə Ərəbistanıdır”.
Sabiq dövlət katibi məmurlar arasında vəhhabilərə dəstək verənlərin olduğunu istisna etmir: “Məmur təbəqəsində vəhhabiləri dəstəkləyənlərə gəldikdə isə mən inanmıram ki, normal düşüncəli adam öz dövlətinin hədəflərinə qarşı olan dini qüvvələrə dəstək versin. Bunlar ya anormal adamdır ki, siyasi prosesləri düzgün bilmir, ya da vətənpərvərlikdən məhrum olan şəxslərdir. Belələri də barmaqla sayıla biləcək qədər olar. Buna görə də biz hədəfləri düzgün müəyyənləşdirməliyik. Vəhhabilərin ölkədə yayılması üçün böyük vəsait lazımdır. Bu vəsaitləri Səudiyyə Ərəbsitanı ödəyir. Azərbaycandan Suriyaya gedib, döyüşənlər artıq beynəlxalq bir şəbəkənin təsiri altındadır. Bu şəbəkəyə super dövlətlərdən tutmuş bölgə dövlətlərinə qədər maliyyə yardımı edilir”.
Politoloq bir müddət öncə nurçuların dövlət daxilinə sızması haqda məlumatlardan və bu təriqətdən olan şəxslərə qarşı əməliyyatların aparılması faktından danışıb:
“Nurçularla vəhhabilərin mübarizə prinsipləri fərqlidir. Nurçularda dövlət aparatına sızmaq və onu yönləndirməyə çalışmaq məsələsi onların proqram vızifələrinə daxildir. Vəhabilərdə sadəcə dini baxışları yaymaq, mümkün qədər daha çox adamı “qardaş” kimi öz sıralarına çəkmək öndə duran vəzifələrdir. Nurçulardan fərqli olaraq, Azərbaycan dövlətinə sızmış vəhhabi olduğu faktına inanmıram”.









