Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Samir Yusifov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
İttiham aktına əsasən, Samir Yusifov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş Sara Əfəndiyevaya (adı şərtidir) xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.
Belə ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə tanışı vasitəsilə tanıdığı Sara Əfəndiyevanın qohumuna məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Berlin Ailə və Uşaq” klinikasının mansard tipli artırılmasına icazə alınacağı və klinikaya çıxarış veriləcəyi barədə yalan vədlər verib. O, bu yolla zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onu aldadıb.
İstintaqla müəyyən edilib ki, Samir 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 11/16 ünvanında yerləşən Atatürk parkında zərərçəkmiş şəxsin həyat yoldaşı Müşfiq Əfəndiyevdən onun arvadı Sara Əfəndiyevaya məxsus 33 000 manat pul vəsaitini alaraq ələ keçirib. Daha sonra cinayət niyyətini davam etdirərək 2023-cü ilin may ayının əvvəllərində eyni bəhanə ilə yenidən Atatürk parkında görüş zamanı zərərçəkmiş şəxsə məxsus əlavə 4 00 manat pulu da alıb.
Beləliklə, Samir vahid niyyətlə ümumilikdə 37 000 manat pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub.
Məhkəmə baxış iclasında Samir Yusifov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, zərərçəkmiş Sara Əfəndiyevanın həyat yoldaşı Müşfiq Əfəndiyevi təxminən 3 ildir tanıyır və onunla dostu İbrahim vasitəsilə əlaqə qurub. 2022-ci ilin iyul ayında onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında görüşüblər. Görüş zamanı Müşfiq Əfəndiyev Yasamal rayonunda yerləşən klinikanın artırılması və müvafiq sənədlərin alınması ilə bağlı kömək istəyib.
Təqsirləndirilən şəxs söyləyib ki, həmin işləri 33 000 manat qarşılığında həll edə biləcəyini deyib və bundan əvvəl də Müşfiq Əfəndiyevdən dəfələrlə borc pul aldığını etiraf edib. Onlar klinika ilə bağlı sənədlərin toplanması məqsədilə müvafiq qurumlara da müraciət ediblər. O, məhkəmədə ifadəsində zərərçəkmiş şəxsdən ümumilikdə 37 000 manat pul aldığını təsdiqləyib.
Samir Yusifov sonradan əməlindən peşman olduğunu, Sara Əfəndiyevaya dəymiş ziyanı tam ödədiyini və onunla barışdığını bildirib.
Məhkəmə iclasında Sara Əfəndiyeva ifadəsində deyib ki, 2022-ci ilin yay aylarında qohumlarına məxsus Yasamal rayonunda yerləşən “Berlin” klinikasında əlavə mansard tikintisi və çıxarışın alınması üçün həyat yoldaşı Müşfiq Əfəndiyevdən kömək istəyib. Onun vasitəsilə tanış olduqları təqsirləndirilən şəxs bu işi 3 ay ərzində 37 000 manat qarşılığında həll edəcəyini bildirib.
Zərərçəkmiş şəxs qeyd edib ki, Samirə ilkin olaraq 2022-ci ilin iyul ayında 33 000 manat, daha sonra isə 2023-cü ilin may ayında əlavə 4 000 manat pul verilib. Lakin vəd edilən işlər görülmədiyi üçün əlavə pul verilməsindən imtina edilib.
Sara Əfəndiyevaya məhkəmədə təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Samirə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək müvafiq ərizələri məhkəməyə təqdim edib.









