Hazırda Bakıda fəaliyyət göstərən amerikalı təhliçi, ABŞ Dövlət Departamentinin Fulbrayt proqramının iştirakçısı, Brandeis Universitetinin Yaxın Şərq araşdırmaları və siyasət üzrə məzunu Süzanna Rotman Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərdə son vaxtlar müşahidə olunan yaxınlaşmanın İranla bağlı olduğuna dair təhlillə çıxış edib.
Virtualaz.org saytının xəbərinə görə, S.Rotmanın məqaləsi Mərkəzi və Cənubi Asiyada siyasi risklərin analizi üzrə ixtisaslaşmış ekspertlər qrupunun registan.net saytında yerləşdirilib.
S.Rotman Bakıya gəlməzdən əvvəl İsraildə, Fələstində, Bəhreyn və Mərakeşdə işləyib. Onun maraq dairəsinə Mərkəzi Asiya respublikalarının Yaxın Şərq ölkələri ilə münasibətləri, qadın haqları və insan haqları daxildir.
“Azərbaycan-Səudiyyə münasibətləri niyə yaxşılaşır” başlıqlı məqaləsində amerikalı təhlilçi bildirir ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən bəri öz xarici siyasətini regionun iri dövlətləri ilə balanslı münasibət və Avropa ilə möhkəm əlaqələr üzərində qurub. Səudiyyə Ərəbistanı isə öz xarici siyasətini Birləşmiş Ştatlarla çoxdankı əlaqələrini möhkəmləndirmək və Yaxın Şərqdə əsas nüfuz sahibi kimi mövqelərini saxlamaq üzərində qurmuşdu. Nəticədə Bakı ilə ər-Riyad arasında münasibətlər bir qədər durğunluq vəziyyətində idi. Ancaq son vaxtlara qədər...
S.Rotman yazır ki, son altı ayda Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın artması müşahidə edilir. Onların qarşılıqlı maraqlarının olmadığı bir vaxtda sual yaranır: tərəflər niyə məhz indi əməkdaşlığı gücləndirir?
“Cavab İranın Qərblə yaxınlaşmaq cəhdləridir. Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini birinci tanıyan ölkələrdəndir və Ermənistanla müharibədə ona kömək edənlərdən biridir. Yəni iki ölkə arasında həmişə dost münasibətləri olub, ancaq münasibətlər heç vaxt indiki kimi yaxın olmayıb” - deyə müəllif yazır
S.Rotman xatırladır ki, 2013-cü ilin dekabrında Səudiyyə Ərəbistanının Baş İnvestisiya Agentliyinin (SAGİA) rəhbəri Abdullətiff əl-Osman Bakıya səfər edib və Azərbaycanın neft-kimya, neft emalı sahələrinə investisiya qoyulması imkanlarını müzakirə edib. İki ölkə hökumətləri arasında 12 iqtisadi razılaşma imzalanıb, daha 9 müqavilə isə hazırlanır. Həmçinin ər-Riyad və Bakı mədəniyyət və təhsil sahələrində də əməkdaşlığı gücləndirməyə qərar veriblər.
“İslam Konfransı Təşkilatının bu iki üzvü arasında iqtisadi əməkdaşlıq təəcüblü görünməzdi. Bununla belə ticarət və investisiya əməkdaşlığının qəfil yüksəlişi ilə bir vaxtda səudiyyəlilər və azərbaycanlılar təhlükəsizlik məsələlərində də əməkdaşlıq etməyə başladılar. 2014-cü ilin aprelində Səudiyyə krallığının sərhəd xidmətinin direktoru sərhədlərin təhlükəsizliyinə dair sazişi müzakirə etmək üçün Bakıya gəldi” - deyə amerikalı təhlilçi yazır.
S.Rotman xatırladır ki, 2013-cü ilin sonunda iki ölkə hökumətləri terrorçuluğa və cinayətkarlığa qarşı birgə mübarizə protokolu çərçivəsində qarşılıqlı ekstradisiya razılaşması da əldə ediblər.
“Azərbaycanla Səudiyyə arasında ikitərəfli münasibətlərin inkişafını Səudiyyə Ərəbistanın İranın regionda və bütövlükdə müsəlman dünyasında təsir imkanlarınə zəiflətmək səyləri ilə izah etmək olar. Səudiyyə və İran çoxdan regional rəqibdirlər və Yaxın Şərqdə hegemonluq uğrunda mübarizə aparırlar. İndiyədək Səudiyyə Ərəbistanı İrana qarşı ABŞ-ın tam dəstəyini alırdı. Lakin Həsən Ruhaninin prezident seçilməsindən və Qərblə İran arasında danışıqların bərpasından sonra siyasi situasiya dəyişib. Səudiyyə İranı əvvəlkindən daha çox təhdid hesab edir və Birləşmiş Ştatların dəstəyinin zəifləməsindən narahatdır” - deyə analitik yazır.
Müəllifə görə, ABŞ-ın İrana hücum planlarından daşınması ər-Riyadı regionda öz mövqelərini və təhlükəsizliyini gücləndirmək üçün yeni alyanslar axtarmağa məcbur edib. Bu baxımdan Azərbaycan cəlbedici müttəfiqdir. Çünki İranla adətən rəqibdir.
“Əlbəttə, Tehranla Bakı arasında mübahisələr ayətullahlarla Səudiyyə kral ailəsi arasında qatı düşmənçilik qədər dərin deyil. Bununla belə Azərbaycanla onun cənub qonşusu arasında mövcud olan inamsızlıq Səudiyyə üçün yeni alyans imkanları açır. Bu əməkdaşlıqdan Bakı da qazana bilər, çünki Səudiyyə pulları ölkəyə axa və iqtisadiyyatı möhkəmləndirə bilər. Siyasi baxımdan isə Səudiyyə Ərəbistanı kimi nüfuzlu və varlı mütttəfiqin olması Azərbaycana İran və Rusiya ilə daha balanslı siyasət yürütməyə, yeganə hərbi müttəfiq kimi təkcə Türkiyəyə arxayın olmamağa kömək edər” - deyə S.Rotman yazır.
Lakin S.Rotmanın fikrincə, bəzi çatışmamazlıqlar da var. Birincisi, Azərbaycan İrana qarşı çıxmaq niyyətində olmadığını artıq nümayiş etdirib. İsrailin və ABŞ-ın İrana qarşı Azərbaycan ərazisindən istifadə məsələsi qaldırılanda Bakı bunu qətiyyətlə rədd edib.
Digər tərəfddən, Səudiyyə Ərəbistanı öz mövqelərini möhkəmləndirmək üçün “yumşaq gücdən” istifadə edir, öz dini ideologiyasını digər ölkələrə, o cümlədən Azərbaycana ixrac edir. Hazırda radikal dini cərəyanlara qoşulan yüzlərlə azərbaycanlı Suriyada Səudiyyənin dəstəklədiyi qrupların tərkibində döyüşür. İlham Əliyevin dünyəvi hakimiyyəti isə təhdid kimi qarşıladığı bu dini ideologiyaya daim müqavimət göstərir. Və hakimiyyət öz vətəndaşlarına Suriyada döyüşməyi qadağan edib.
“Beləliklə, Azərbaycan-Səudiyyə münasibətlərindəki son inkişafı geosiyasi situasiya kontekstində dəyərləndirmək lazımdır. İran öz nüvə proqramını saxlamaqla bərabər Qərblə dil tapmağa çalışdığı bir vaxtda ər-Riyad regionda mövqelərini möhkəmləndirmək və İranın təsirini zəiflətmək üçün üzünü Bakıya döndərib” - deyə müəllif yazır.









