Beynəlxalq bazarlarda "Brent" markalı neftin qiyməti kəskin ucuzlaşa bilər.
Modern.az-ın məlumatına görə, "JP Morgan" analitikləri bildirirlər ki, 2027-ci ilə qədər "Brent" neftin bir barelinin qiyməti 30 dollara qədər enə bilər.
Buna səbəb dünya üzrə tələbi üstələyən artıq təklifdir.
Hazırda "Brent "ilin əvvəlindən bəri 14% ucuzlaşıb və bazar ertəsi qiymət 62,59 dollar civarında sabit qalıb. Qiymətlərin zəifləməsinə səbəb kimi Ukrayna üzrə sülh danışıqlarının yenidən başlaya biləcəyi barədə gözləntilər göstərilir.
Analitiklər qeyd edirlər ki, qlobal bazarda artıqlıq yaransa belə, qiymətlərin 40 dolların altına enməsi real görünmür. Lakin qısamüddətli dövrdə qiymətlərə təzyiq əsasən OPEK+ ölkələrinin və ABŞ istehsalçılarının yüksək hasilatı ilə bağlı olacaq.
Eyni zamanda ekspertlər hesab edirlər ki, Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması enerji bazarlarına təsir göstərə bilər. Rusiya neftinə tətbiq edilən bir sıra sanksiyaların yumşaldılması ehtimalı qiymətlərdə əlavə dəyişiklik yarada bilər.
Məşhur investisiya bankı "Goldman Sachs" neft kotirovkalarının 2026-cı ildə də aşağı istiqamətdə hərəkət edəcəyini bildirir. Bankın hesablamalarına görə, 2026-cı ildə ABŞ nefti WTI-nin orta qiyməti təxminən 53 dollar olacaq.
Bank həmçinin xəbərdarlıq edir ki, 2025-ci ildə gündəlik neft artıqlığı 2 milyon barelə çata bilər.
"Goldman Sachs"ın qlobal əmtəə tədqiqatları şöbəsinin həmsədri Daan Strüvenin sözlərinə görə, 2026-cı il böyük təklif dalğasının son ili olacaq, bundan sonra bazar tədricən sabitləşməyə başlayacaq.










