Bakıda yerləşən 151 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Ədil İsmayılovu döyən şəxs məhkəmə tərəfindən cəzalandırılıb.
Qaynarinfo xəbər verir ki, hadisə 35 saylı tam orta məktəbdə baş verib. 1982-ci il təvəllüdlü V. Mirzəyev barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi məhkəmədə araşdırılıb.
V. Mirzəyevin həyat yoldaşı M. Mirzəyeva 151 nömrəli məktəbdə Uşaq birliyi rəhbəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs həyat yoldaşından işə getməməyi tələb edib, M. Mirzəyeva isə buna əməl etməyib. Təqsirləndirilən şəxs buna əsəbləşib və qadının işlədiyi məktəbə gedib.
151 nömrəli məktəbin inzibati binası sökülüb yenidən tikildiyi üçün məktəb kollektivi müvəqqəti olaraq 35 saylı tam orta məktəbdə məskunlaşıb. V.Mirzəyev 35 saylı məktəbdə həyat yoldaşı barəsində xoşagəlməz ifadələr işlətdiyi üçün 151 nömrəli tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Ədil İsmayılov onu binanın həyətindən kənarlaşdırmaq istəyib. Bu zaman təqsirləndirilən şəxs onu yumruq və təpiklə vurub.










