Ermənistan mətbuatı erməni nümayəndə heyətinin noyabrın 21-22-də gerçəkləşən Bakı səfərindən yazamağa davam edir. "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində baş tutan bu səfərdə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və insan haqları fəalı Naira Sultanyan iştirak ediblər.
Modern.az xəbər verir ki, erməniləri Bakıda müşayiət etmiş Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Ermənistan nümayəndə heyətinin səfəri ilə bağlı bəzi detalları bölüşüb.
Onun sözlərinə görə, ermənistanlı QHT nümayəndələri Bakıdakı erməni kilsəsinə də baş çəkiblər.
"Ermənistan nümayəndə heyətinin son 10 ildə Bakıya səfər etmədiyini nəzərə alsaq, hər şey maraq doğurdu. Onlar kilsənin dövlət tərəfindən erməni kilsəsi kimi qorunduğunu gördülər”.
Ermənilərə Bakıdakı kilsədə saxlanılan Prezident kitabxanasının kitab fondu - erməni dilindəki təxminən 5000 kitab da göstərilib.
Ekskursiyanı İrəvanda anadan olmuş və erməni dilində sərbəst danışan kitabxana mütəxəssisi Jalə Qurbanlı aparıb.
Bakıdakı gəzinti zamanı maraqlı bir hadisə baş verib: erməni nümayəndə heyətinin üzvlərini Bakının yaşlı nəslinin iki nümayəndəsi tanıyıb. Məlum olub ki, erməniləri tanıyan yaşlı azərbaycanlılardan biri əslən İrəvandandır. O, Boris Navasardyan və yoldaşları ilə erməni dilində danışıb, vaxtilə İrəvanda yaşadığı məhəlləni xəbər alıb.
F.Məmmədov xatırladıb ki, Ermənistan nümayəndə heyətinin üzvü Boris Navasardyan müharibədən əvvəl Bakıda olub, müxtəlif forum və tədbirlərdə iştirak edib, lakin nümayəndə heyətinin qalan üzvləri ilk dəfə Azərbaycana gəliblər.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti "Sülh Körpüsü" təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib.










