Ermənistan keçmiş baş prokuror Gevork Kostanyanın ekstradisiyası üçün Rusiyaya müraciət edəcək.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu hazırkı baş prokuror Anna Vardapetyan parlamentdə keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, İrəvan həmçinin 1 mart 2008-ci il hadisələrinin araşdırılması üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın da təhvil verilməsinə nail olmaq niyyətindədir.
Hər iki sabiq məmur 1 mart hadisələri ilə bağlı iş üzrə istintaq materiallarını təhrif etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham olunur.
A.Vardapetyan qeyd edib ki, Ermənistan tərəfinin məlumatına görə, onların hər ikisi Rusiyadadır.
"Biz Rusiya ilə çoxtərəfli saziş – Kişineu Konvensiyası çərçivəsində işləyirik, lakin Rusiya tərəfi ekstradisiya ilə bağlı hələlik razılıq verməyib. Ermənistan Baş Prokurorluğu yaxın vaxtlarda Rusiyaya yenidən vəsatət göndərərək daha əvvəl rədd edilmiş vəsatətə yenidən baxılmasını xahiş edəcək", - baş prokuror əlavə edib.








