Bərdə rayon İcra Hakimiyyəti daha bir tenderinin nəticələrini elan edib.
Tribunainfo.az xəbər verir ki, müsabiqənin məqsədi yolların təmir işlərinin satınalınmasıdır.
Məlumatda qeyd edilir ki, tenderin qalibi “DREAM CONSTRUCTİON COMPANY” MMC olub. Belə ki, işlərin görülməsi üçün şirkətə 110 min 271 manat 59 qəpik ödəniləcək.
Qeyd edək ki, Bərddə İcra Hakimiyyəti 18 gün öncə də adıçəkilən şirkətlə satınalma müqaviləsi bağlayıb. Belə ki, daxili yolların əsaslı təmiri işlərinin görülməsi üçün “DREAM CONSTRUCTİON COMPANY” MMC ilə anlaşmaya əsasən 392 min 587 manat 48 qəpik ödəniş ediləcək.
Açıq mənbələr üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, 2024-2025-ci illərdə “DREAM CONSTRUCTİON COMPANY” MMC toplam 25 tenderin qalibi olub. Bu tenderlərin əksəriyyəti İcra Hakimiyyətlərinin keçirdikləri olub. Şirkətin ən çox udduğu tenderlər isə Ağdam rayon İcra Hakimiyyətinin keçirdikləri olub. Son bir ildə MMC Icra Hakimiyyətinin 9 tenderinin qalibi olub.
İkinci sırada Ağcabədi İcra Hakimiyyəti olub ki, MMC onun da 56 tenderinin qalibi elan edilib. Bundan başqa, “DREAM CONSTRUCTİON COMPANY” MMC Qaradağ, Sumqayıt, Tovuz və Qubadlı İcra Hakimiyyətlərinin də keçirdiyi tenderləri udub.
Qeydd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.
“Dream Construction Company” MMC “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib. Açıq mənbələrdə şirkətə rəhbərlik edənlər haqqında heç bir məlumata rast gəlinmir.








