
İsveçrə hakimiyyəti ölkəyə qarşı rüsumların azaldılmasına ABŞ prezidenti Donald Trampa hədiyyələr verməklə nail olub.
Musavat.com xəbər verir ki, Axios bu barədə mənbələrə istinadən məlumat yayıb. Nəşr ABŞ prezident administrasiyasının rəsmisinə istinadən bildirib ki, "Apple-ı üstələmək çətin idi, amma isveçrəlilər buna nail oldular".
İsveçrənin ABŞ-a təxminən 130.000 dollar dəyərində Rolex saatı və bir kiloqram qızıl külçə hədiyyələri ilə sənayeçilərdən ibarət nümayəndə heyəti göndərdiyi bildirilir. Ağ Evdəki Axios mənbələrinə görə, Tramp bu hədiyyələri prezident kitabxanası adından qəbul edərək onları qanuni ianəyə çevirib.
Xatırladaq ki, Avqustun 7-də Amerika texnologiya nəhəngi Apple-ın baş direktoru Tim Kuk Trampa üzərində Amerika liderinin adı, şirkətin loqotipi, Apple baş direktorunun imzası və suvenir məhsulunun ABŞ-da istehsal olunduğunu göstərən yazı həkk olunmuş şüşə disk hədiyyə edib. Disk, Kukun sözlərinə görə, 24 karatlıq qızıldan hazırlanmış dayaq üzərində quraşdırılıb.









