"Son zamanlar Emin Əmrullayevin siyasətini tərifləyənlərin birdən-birə çoxalması təsadüf deyil". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti, jurnalist Sakit Muradov qeyd edib.
O daha sonra bildirir: "Dünənə qədər susub kənardan baxanlar indi sosial şəbəkələrdə “islahatların fəzilətlərini” izah etməyə girişiblər. Niyə? Çünki yeni sistemlər – OTK-nın ölkə üzrə tətbiqi, köhnə münasibətlər şəbəkəsinin dağılması, dost-tanış dəstəyinin işləmir duruma düşməsi, həmçinin yeni qiymətləndirmə strategiyaları – bir çoxlarını narahat edib.
Əvvəllər şəxsi maraqlarla qurulan kurs biznesləri, qeyri-rəsmi “tanışlıq üstünlükləri” və köhnə oyun qaydaları vardı. İndi isə vəziyyəti itirəcəyindən qorxanlar özlərini sığortalamaq üçün tərif yağdırmağa başlayıb. Sanki bu gün bir az artıq danışsalar, sabah sistem onları görməyəcək, yaxud “toxunmayacaq”.
Bu, tənqidə əsaslanan yox, qorxuya əsaslanan tərifdir. Peşəkar mövqe deyil – öz taleyini qoruma instinktidir".











