Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Qayıb Məlikovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, Qayıb Məlikov barəsində toplanmış sübutlar onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talaması, yəni təkrarən oğurluq əməlini törətməsi faktlarını təsdiqləyir.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs tanışı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək “Instagram”, “Facebook”, “TikTok” və digər sosial şəbəkələrdə özlərinin yaratdıqları “xacker.nicat”, “xacker.alik” və “hacker.ferhad” adlı səhifələr vasitəsilə “Manato.az” adlı BOKT-a məxsus kreditlərin xidmət haqqı olmadan silinməsi barədə saxta elanlar yerləşdiriblər. Bu elanlara müraciət edən şəxslərin etibarından sui-istifadə edən təqsirləndirilən şəxs onların FİN kodu, mobil nömrə və hesab parollarını əldə edib, sonradan həmin nömrələrə göndərilən OTP kodlarını öyrənməklə zərərçəkmişlər adından onlayn kredit rəsmiləşdirib və ayrılmış vəsaiti tanışının adına açılmış, birgə istifadə etdikləri bank kartına köçürərək mənimsəyib.
İstintaq materiallarında göstərilib ki, Qayıb Məlikov ümumilikdə 14 şəxsin ümumilikdə 5 490 manat pulunu elektron informasiya texnologiyalarından istifadə etməklə ələ keçirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.









