Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanımn bu günlərdə bildirdiyinə görə, 1988–1994-cü illərdə Azərbaycanla Ermənistan arasında münaqişəni qızışdırıb genişmiqyaslı müharibə səviyyəsinə qaldıran və ən azı 2020-ci ilədək torpaqlarımızın azad edilməsinə imkan verməyən və bu gün də Qarabağı yenidən işğal etməyə can atan revanşist, irqçi qüvvələri dəstəkləyən Rusiyanın layihəsi olan və Gürcüstanın qoşulmadığı üçün əslində “3+2” adlandırılmalı olan “3+3” formatının ya Azərbaycanda, ya da Ermənistanda keçirilməsi nəzərdə tutulub. Görəsən, əsasən Moskvanın dəstəklədiyi bir layihənin Azərbaycana faydası ola bilərmi?
Mövzu ilə bağlı müraciət etdiyimiz politoloq Qabil Hüseynli Moderator.az-a çox qısa, konkret şərh verib:
“ “3+3” formatını Azərbaycan Prezidenti də müdafiə edir. Eyni zamanda Azərbaycan da həmin layihədə iştirak edir. Bölgədə belə bir layihə səmimi baza, fundament üzərində yaradıla bilərsə, o halda onun faydası olar. Amma bu günədək Gürcüstan Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Görək bu dəfə oturacaqmı? İranın da başqa iddiaları var. Ümumiyyətlə, “3+3” formatı ilk baxışdan mütərəqqi görünsə də, bölgə üçün müəyyən sülh xarakterli faydalı layihələri gündəmə gətirmək məqsədi daşıdığı bəyan edilsə də, onun baş tutacağı, ayaq tutub irəliləcəyi ehtimalı çox zəifdir...”
		 
    
     
    





























 
