Oktyabrın 19-da Ermənistan Daxili İşlər Nazirliyinə İrəvanın Dəmirçyan küçəsində kirayə mənzillərdən birində qadın meyitinin tapılması barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, mənzilə gələn Ermənistan polisi tapılan meyitin oktyabrın 17-dən itkin düşən 23 yaşlı Ayşət Baymuradovaya məxsus olduğunu müəyyən edib.
Ermənistan KİV-in məlumatına görə, Baymuradovanın yoxa çıxması barədə oktyabrın 17-də Ermənistanda yaşayan rusiyalı fəal Danil Çebikin məlumat verib. Baymuradovanın eyni mənzildə yaşayan dostları ona deyiblər ki, qız oktyabrın 15-də İnstaqramda tanış olduğu dostu ilə görüşə gedib və bir daha geri qayıtmayıb. “Sonradan məlum oldu ki, bu dostun izləyiciləri arasında (Çeçenistan lideri Ramzan) Kadırovun yaxın çevrəsindən olan adamlar da var”, - Çebikin sosial mediada yazıb.
Rusiyalı fəal qeyd edib ki, Ayşət Baymuradova Şimali Qafqazda qadınların hüquqlarını müdafiə edən təşkilatın köməyi ilə Çeçenistandan qaçıb.
Rusiya mənbələri çeçen qızın məişət zorakılığı zəminində evdən qacıdığını yazmışdılar.
Baş verənlər sosial mediada müzakirələrə səbəb olub.