Pilot, Milli Qəhrəman Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova öz feysbuk hesabında diqqətçəkən paylaşım edib.
Musavat.com həmin paylaşımı təqdim edir:
“Salam, dostlar. Bu yazını dostlarım, Saşanın “Facebook” və “Instagram” hesabları ilə maraqlanan insanlar üçün yazıram. Həmin hesabları mən idarə edirəm və istədiyim zaman, lazım bildiyim halda ora daxil olacağam. Bunun üçün heç kimə hesabat verməyə borclu deyiləm.
Xahiş edirəm, mənə şəxsi mesaj yazıb “Bu, Saşanın xoşuna gələrdi” və ya “bu, xoşuna gəlməzdi” kimi sözlər demək əvəzinə öz işinizlə məşğul olun. Əgər siz doğrudan da oğlumun xatirəsinin yaşamasını istəyirsinizsə, bu istiqamətdə bir addım atın.
Onun xatirəsini yaşatmaq üçün çoxlu imkanlar var - məsələn, onun yaşadığı evə şəklinin olduğu bir şüşə lövhə sifariş edə bilərsiniz. Variantlar çoxdur, bu barədə düşünün. Qalan məsələləri özüm həll edəcəyəm”.
Xatırladaq ki, ötən il dekabrın 25-də səhər AZAL-a məxsus Bakı-Qroznı “J2-8243” nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı) olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla ekipajın üç üzvü olub.
Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adını verib.