Moskva Ermənistan və Azərbaycan arasında paraflanmış sülh müqaviləsinə nikbin yanaşır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib. Overçuk bu hadisəni böyük Avrasiya regionunda sülhün möhkəmləndirilməsinə növbəti mühüm töhfə adlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Minsk qrupunun ləğvindən danışıb. O deyib ki, Rusiya Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır. Diplomat xatırladıb ki, Rusiya Federasiyası ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib: "Biz bu addımı haqlı hesab edirik, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb. Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur".
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, sülh sazişinin paraflanması ABŞ-də baş tutub. Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi Rusiyanın iştirakı ilə getməyib:
"Moskva bu məsələyə açıq qısqanclıq nümayiş etdirir. Ancaq bu məsələdə günah Kremlin özündədir. Əgər Rusiya tez davransaydı, səmimi sülhdə maraqlı olsaydı, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq həm Zəngəzur dəhlizinin onun nəzarəti altında açılmasına nail olardı, həm də sülh prosesində vasitəçiliyini davam etdirərdi. Ötən dövr ərzində ciddi üçtərəfli təmaslar da olmadı. Moskva cəld tərpənmədi, prosesi yubatdı, nəticədə kənarda qaldı. Tramp isə bu məsələdə istəkli və qətiyyətli davrandı. Ancaq biz qonşularla bərabərhüquqlu münasibətdə maraqlı olmuşuq. Rusiya məlum gərginlikdən dolayı üzərinə düşəni etsəydi, gözləntilərə müsbət cavab versəydi, biz problemləri həll edib, gələcəyə baxa bilərdik".
Z.Məmmədov bəyan edib ki, Rusiya vasitəçilik ambisiyasından, bölgəyə müdaxilədən heç vaxt imtina etmək fikrində olmayıb:
"Rusiya Cənubi Qafqazdakı proseslərdə fəal rol oynamaq istəyini hər zaman ortaya qoyub. Son zamanlar ABŞ-nin, Böyük Britaniyanın və digər ölkələrin bölgədəki aktivliyi Moskvanı ciddi narahat etməkdədir. Sadəcə məsələ ondadır ki, keçmiş münaqişə tərəflərinin hər ikisi Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ediblər. Yəni İrəvan da bu məsələyə "hə" deməyə məcbur qalıb. Belə olan halda Rusiya və Fransa kimi ölkələrin manevr etmək imkanları qalmır. Bununla bağlı razılaşma Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə qəbul olunub. Rusiya da çox yaxşı bilir ki, artıq Minsk qrupunun heç bir əhəmiyyəti, təsir imkanları yoxdur. Ona görə Rusiya bir qədər də özünü "yaxşı" göstərmək üçün artıq sonlandırılmış prosesi alqışlayır. Əslində, Kreml ötən müddət ərzində də Minsk qrupunun öz funksiyalarını yerinə yetirmədiyini dolayı yolla qeyd edirdi. Ancaq buna səbəb münaqişənin bitməsi yox, ABŞ və Fransanın Moskvaya qarşı yürütdüyü siyasət idi".
Ekspertə görə, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını görməzdən gəlmək olmaz:
"Moskvanın bölgəyə təsir imkanları çox genişdir. Rusiyanın Ermənistanda hərbi bazası var və İrəvan hakimiyyəti üçün bu, kifayət qədər mühüm təzyiq vasitəsidir. Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın əsas hədəflərindən biridir. Əgər Rusiya bütün rıçaqlarını işə salaraq, 2026-cı ildə Ermənistanda keçirilən seçkilərdə Paşinyanı əvəzləyə bilsə, regiona təsir imkanlarını saxlayacaq. Yox əgər, bunu bacarmazsa, bölgədə varlığını qoruması ciddi sual altına düşəcək. Bunu Kremldə çox yaxşı bilirlər. Məhz bunun nəticəsidir ki, ötən illərdən fərqli olaraq bu dəfə İrəvanda qondarma "2 sentyabr"la bağlı aksiya bir qədər miqyaslı oldu. Kilsə açıqlama verdi, müxalif partiyaların bəyanatı yayıldı. Bu, Paşinyana qarşı təzyiqlərin artmasından xəbər verir. Ancaq Paşinyan öz müttəfiqləri tərəfindən ciddi mühafizə altındadır və böyük ehtimal ki, Moskvanın baş naziri devirmək planları baş tutmayacaq".