“Dünən Rusiya prezidenti Vladimir Putin Çində canlı yayıma çıxaraq bir sıra sualları cavablandırdı. Ona Azərbaycan və bizim prezidentlə bağlı da sual verildi. Putin cavabında dedi ki, Çinə səfəri zamanı Azərbaycan prezidenti ilə görüşüb, ayaqüstü söhbət edib və s. Putin qeyd etdi ki, Azərbaycanla münasibətlərdə problemlər var və inanır ki, bunlar həll oluna bilər. Məncə, bu onu göstərir ki, Rusiyanın Azərbaycana münasibətdə tutduğu aqressiv yanaşma tədricən səngiyir. Və münasibətləri gərginləşdirən Rusiya olduğu kimi, onun normal axara düşməsi üçün də bu ölkə daha çox çalışmalıdır”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev Rusiya-Azərbaycan münasibətlərindən danışarkən deyib.
“Rusiyada düşünürdülər ki, Azərbaycan geri çəkiləcək. Lakin bütün cəmiyyətimizin gördüyü kimi, Azərbaycan prezidenti geri çəkilmədi. Eləcə də Azərbaycan mediası bu mövzuda çox peşəkar davrandı. Ruslar da gördülər ki, qarşılarında məğlub olmuş Azərbaycan deyil, ərazi bütövlüyünü təmin edən və güclü milli həmrəyliyə malik Azərbaycan dövləti var. Və kimin nə deməsindən, nə istəməsindən asılı olmayaraq, Azərbaycan və onun lideri ancaq dövlət maraqlarını müdafiə edir. Bəli, biz dövlət olaraq öz maraqlarımızı doğrultmaq üçün hərəkət edirik. Başqa cür ola da bilməz”,- professor izah edib.
C. Nuriyevin hesablamalarına görə, Azərbaycan-Rusiya münasibətlərində hadisələrin gedişatı göstərir ki, müəyyən sərinlik olacaq: “Artıq Rusiyanın müxtəlif politoloqları, yüksək vəzifələr tutmuş sabiq məmurlar açıq şəkildə bildirirlər ki, bu münasibətlərin korlanmasına görə bütün məsuliyyət Azərbaycanın üzərinə düşmür. Əksinə, onlar prezident İlham Əliyevin ustalıqla xarici siyasət yürütdüyünü qısqanclıqla qeyd edirlər”.
Professor ehtimal edir ki, Rusiya-Azərbaycan münasibətlərində yaranan gərginlik tədricən yoluna düşəcək. Amma bunun üçün hər iki tərəf maraqlı olmalıdır. “Azərbaycan dəfələrlə elan edib ki, münasibətlərin korlanmasına görə məsuliyyət onun üzərində deyil. Üstəlik, biz əlavə gərginlik də istəmirik”,- deyə Nuriyev yekunlaşdırıb.