Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Ermənistanın bu beynəlxalq təşkilata üzvlüyünə Pakistanla yanaşı, Belarus da veto qoyub.
Teleqraf xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Almaniya nəşri bildirib ki, Ermənistanın məqsədi ŞƏT-ə üzvlük olsa da, bunun yolu çətindir:
“Sammit çərçivəsində danışıqların əsas mövzularından biri Ermənistanın ŞƏT-in tamhüquqlu üzvü statusu almaq istəyi olub, amma bu yol o qədər də hamar deyil. İrəvanın namizədliyi Belarus və Pakistan tərəfindən dəstəklənməyib. Maraqlıdır ki, İslamabadın bu addımı Ermənistan və Pakistanın tarixdə ilk dəfə eyni sammit çərçivəsində diplomatik əlaqələr qurmasından bir gün sonra baş verib. Pakistan Azərbaycanla sıx müttəfiq olduğu üçün Ermənistanın müstəqilliyini tanımayan dünyada yeganə ölkə idi”.
Belarusa gəlincə, alman nəşri Minskin qərarını son bir ildə Ermənistanla münasibətlərin gərgin olması ilə əlaqələndirib.
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, Ermənistanın ŞƏT-ə üzvlüyünə Belarusun veto qoyması məlum məsələ idi:
"Belarus Prezidenti Lukaşenko Azərbaycana Qarabağ məsələsində dəstək verdiyini söyləmişdi. Həmçinin o, xatırlatmışdı ki, bir neçə il əvvəl Rusiyayla qaz problemi yarananda Azərbaycandan kömək görmüşdü. Lukaşenko bunu həmişə qeyd edirdi. “Slavyan qardaşımız bizə kömək etmədi, amma Azərbaycan etdi. Mən də dediyim kimi, sonra həmin borcu pul ilə qaytardım və o an Azərbaycandan dəstək aldım”. Belarusla Ermənistan arasında münasibətlər də görünür, buna görə yaxşılaşmır. Rusiya da bunu yaxşılaşdırmağa ciddi cəhd etmir və ya əksinə, Belarus istəmir. Ermənistandan, xüsusilə Paşinyandan isə narazılıq var. Bu istiqamətdə addım atılmır".
Analitikin fikrincə, Lukaşenko gözləyir ki, Paşinyan özü təşəbbüs göstərsin və Ermənistan Belarusla yaxınlaşsın:
"Çünki formal olaraq Ermənistan KTMT-də hələ də üzv kimi görünür, amma qeyri-rəsmi olaraq proseslərdə iştirak etmir. Bu da Belarusda suallar doğurur. Lukaşenko bunu bir neçə dəfə vurğulamış, hətta tədbirlərdən birində şəxsən Paşinyana demişdi. Bütün bunlar üst-üstə gələndə Belarusun Azərbaycanla münasibətləri, Ermənistanla gərginlik, əlaqələrin zəifləməsinin əsas səbəblərindən biri hesab olunur".