“Hər il onlarla-yüzlərlə Azərbaycan vətəndaşı, alimlər, siyasətçilər, parlament üzvləri, partiya funksionerləri xaricdə keçirilən çoxsaylı konfranslara dəvət alırlar, iştirak edirlər. Amma nədənsə onların heç biri “Mən xaricdə keçirilən konfransa dəvət almışam” deyə geniş ictimaiyyətə məlumat vermir, konfransı, yaxud siyasi fəaliyyəti bu şəkildə ucuzlaşdırmır. Nəticə etibarilə, əlbəttə, beynəlxalq konfransda iştirak etmək yaxşı haldır, amma bunu xüsusi hadisə kimi cəmiyyətə təqdim etmək siyasi çəkisizlikdir. AXCP sədri Əli Kərimli isə əslində bunu edir. Görünür, hər hansı konfransda iştirak etmək onun üçün xüsusi hadisədir. Digər partiyalar, elm adamları, siyasi xadimlər üçün bu, sıradan bir hadisədir. Bu, özlüyündə Əli Kərimlinin həm siyasi, həm də psixoloji vəziyyətini izah edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“Əli Kərimli hesab edir ki, Azərbaycan hökuməti onun xaricə getməsindən qorxur. Qorxan hökumət bütün dünyanı qarşısına alıb, torpaqlarını işğaldan azad edə, beş il mübarizə aparıb, sonda öz şərtlərini bütün dünyaya qəbul etdirə bilməzdi. Qorxan hakimiyyət bu gün “Böyük Qayıdış”ı təmin edən cəsarət nümayiş etdirə bilməzdi, qonşu imperiyaların hədələrinin qarşısında geri çəkilərdi. Yəni Əli Kərimlinin bu iddiası heç bir məntiqə sığışmır ki, hökumət ondan qorxur. Heç bir reallığı da özündə əks etdirmir. Belə çıxır ki, Əli Kərimli böyüdücü güzgü önünə keçib, özünü özündən böyük görmək istəyir. Bu isə psixoloji pozğunluqdur”, — deputat bildirib.