“Səmədlə 45 il birlikdə yaşamışam. Onu itirəndən sonra həmişə elə bilirəm ki, kimsə qapımı döyüb, məni çağırır. Tez-tez ziyarətinə gedirəm. Gedib gələn yerim qəbirstanlıqdır. Biz çox çətinlik görmüşük, dözmüşük. 45 il elə-belə il deyil. Bizi istəyən də var idi, istəməyən də. Əsas odur ki, bu çətinliklərə birlikdə sinə gərdik. Nə qədər ki, yanımda idi mən güclü idim, gedəndən sonra özümü gücsüz sayıram”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Səməd Səmədovun ömür-gün yoldaşı İradə Qasımova deyib. O daha sonra “Səməd Səmədovun nə vəsiyyəti oldu?” sualına cavab verib:
“Heç vaxt ağlıma belə gətirə bilməzdim ki, Səməd rəhmətə gedə bilər. Bunu heç o da bilmirdi. Elə bilirdim ki, Səməd həmişə yaşayacaq. Sağlığında da var-dövlətini bölüb, vəsiyyət etmədi. Çünki oğlumun da, qızımın da hər şeyi var. Biz övladlarımıza elə tərbiyə vermişik ki, arxayınıq. Bilirik ki, bizim ailədə var-dövlət üstündə heç vaxt dava-dalaş olmaz” deyə xanımı bildirib.