Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamran Ələkbərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
İttihama görə, Kamran Ələkbərov tanışları olan 5 vətəndaşa qarşı dələduzluq edib. O, həmin şəxslərə metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən “Tennis kortu”nu icarəyə götürüb işlədərək gəlir verəcəyi adı ilə yalan vədlər verib. Təqsirləndirilən şəxs bu adla 5 zərərçəkmişdən ümumilikdə 15 530 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Zərərçəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək Kamran Ələkbərovla barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildiriblər.