Xankəndidə fəhlə işləyən Şahlar Həsənov oradan tapdığı avtomata görə cəzalandırılıb. Səbəb isə onun tapdığı “Kalaşnikov”u polisə təhvil vermək əvəzinə, Xankəndidən Bərdəyə - yaşadığı evə gətirib, orada saxlaması, hələ üstəlik, onu satmağa cəhd göstərməsi olub.
Bizimyol.info xəbər verir ki, 37 yaşlı Şahlar Həsənov bu hərəkətinə görə Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsi ilə təqsirli bilinib və məhkəmənin hökmü ilə 1 il 9 ay azadlıqdan məhrum edilib.
Şahlar Həsənov özünü təqsirli bilir. Deyir ki, əvvəl yaşadığı rayonda fəhləlik edirdi, sonra işğaldan azad edilmiş ərazilərdə işləməyə getdi. 2024-cü ilin aprelindən Xankəndidə fəhləlik edirdi: “Orada fəhlə kimi işləyəndə sahibsiz evlərin birinə girdim. Evi axtaranda otaqda divanın altında “Kalaşnikov” avtomatı gördüm. Darağın taxılı vəziyyətdə idi. Avtomatın darağını çıxarıb, paltar çantasında qoyub gizlətdim”.
Şahlar Həsənov silahı bir müddət sonra evə gələndə Bərdədə yaşadığı evə gətirib, çarpayının üstündə döşəklərin arasında gizlədib. Özü isə Xankəndiyə qayıdıb. Orada bir müddət işləyəndən sonra yenidən evə qayıdıb: “Maddi imkanım yaxşı deyildi, avtomatı satmaq qərarına gəldim. Bir neçə nəfərin yanında dedim. Amma alıcı tapa bilmədim”.
Günlərin birində polis əməkdaşları onu saxlayaraq, silahı yerini soruşublar. Evlərinə baxılş keçiriləndə döşəklərin arasından avtomatı çıxarıb verib.
Qeyd edək ki, Şahlar Həsənov bundan əvvəl 2016-cı ildə harasa bomba qoyulması barədə yalan məlumat verməyə görə həbs olunub. Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə təqsirli bilinərək, 5 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasını 2022-ci ildə çəkib azadlığa çıxmışdı.
Daxili İşlər Nazirliyi (DİN) qanunsuz silahlarla bağlı bir neçə dəfə vətəndaşlara müraciət edib.
“Vətəndaşlara müraciət edərək bildiririk ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq polisə təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir”, - deyə DİN-in məlumatında bildirilib.