Bu görüşün çox mühüm geosiyasi və strateji əhəmiyyəti var. ABŞ uzun fasilədən sonra Cənubi Qafqazda fəal vasitəçi kimi geri qayıdır. Tramp bu prosesi həm regionda nüfuz qazanmaq, həm də daxili siyasi irsi formalaşdırmaq məqsədilə irəli aparır. Əgər tərəflər səmimi iradə nümayiş etdirsələr, Vaşinqton görüşü real sülh danışıqlarının başlanğıcı ola bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə planlaşdırılan görüşü barədə danışarkən deyib.
Politoloqun sözlərinə görə, bu görüş vasitəsilə bir neçə mühüm məsələnin həll olunacağı gözlənilir:
“İlk növbədə bu, ABŞ-ın yenidən qlobal geosiyasi arenaya qayıtmaq və Cənubi Qafqazda daha fəal rol oynamaq niyyətinin göstəricisidir. Bayden administrasiyası dövründə ABŞ-ın bölgədə təsiri azalmışdı. Trampın izolyanist mövqeyi də belə bir fikir yaratmışdı ki, ABŞ regionda enerji və nəqliyyat siyasətinə çox da müdaxilə etməyəcək. Ancaq hazırkı təşəbbüs bu yanaşmanın dəyişdiyini göstərir”.
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən görüşdə sülh prosesinin final mərhələsinə yaxınlaşması, indi isə Vaşinqtonda davam etdirilməsi mühüm irəliləyişdir:
“Əgər bu görüş tərəflər arasında etimad mühitini gücləndirsə və ilkin razılaşmalar əldə olunsa, bu artıq sülh sazişinə aparan real diplomatik yolun əsasını qoya bilər. Tərəflərin iradəsi olarsa, bu görüşdə birbaşa sülh müqaviləsi imzalanmasa belə, ilkin layihə formasında razılaşma mümkün ola bilər. Tramp bu prosesə şəxsi maraqla yanaşır və əldə olunacaq hər hansı razılaşmanı siyasi uğuru kimi təqdim etmək niyyətindədir. Hətta bu addım onun Nobel Sülh Mükafatına iddialarını da gücləndirə bilər”.
Ekspert əlavə edib ki, ABŞ Cənubi Qafqazda daha möhkəm siyasi dayaqlar qurmağa çalışacaq:
“Vaşinqton düşünür ki, Azərbaycanla güclənən münasibətlər həm bölgədə sabitlik üçün mühüm olacaq, həm də ABŞ-ın enerji və nəqliyyat resurslarına çıxışını asanlaşdıracaq. Regionda artıq yeni geosiyasi balanslar formalaşır və bu vəziyyətdə həm Bakı, həm də İrəvan daha müstəqil aktorlar kimi qərar verməyə meyillidirlər”.
Rzayevin fikrincə, bu prosesin özü belə, ciddi diplomatik irəliləyiş hesab olunmalıdır.