Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Cənubi, Şərqi Asiya və MDB ölkələrində təbliğat xidmətlərinin satın alınması məqsədilə elan olunan tender müsabiqəsi ləğv edilib.
FED.az xəbər verir ki, ehtimal olunan qiyməti 1.141.737,32 AZN olan satınalma müsabiqəsi 13 fevral 2025-ci il tarixində elan olunmuşdu. Təkliflərin təqdim olunması və zərflərin açılışı 2 aprel 2025-ci il, saat 17:00-da nəzərdə tutulmuşdu.
Agentlik tərəfindən planlaşdırılan xidmətlər aşağıdakı ölkələrdə təbliğat və şəbəkələşmə tədbirlərini əhatə edirdi:
- Hindistan, Pakistan, Özbəkistan, Qazaxıstan, Belarus, Cənubi Koreya, İndoneziya, Sinqapur və Malayziyada yol şouları (B2B tədbirlər)
- Hindistanda seminarlar və şəbəkələşmə görüşləri
Lakin tenderin nəticəsi olaraq təqdim edilən təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmadığı üçün qiymətləndirmə mümkün olmayıb və satınalma proseduru 36.1.2-ci maddəyə əsasən rəsmən ləğv edilib.
Qanunvericiliyə əsasən, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.2-ci maddəsi bildirir ki, əgər təqdim olunan təkliflərdən heç biri satınalma predmeti üzrə hazırlanmış şərtlər toplusunun tələblərinə cavab vermirsə, həmin tender müsabiqəsi etibarsız sayılır və ləğv edilir.