Həkimlərin və əczaçıların sertifikasiyası üçün yeni prosedur müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası davamlı peşəkar inkişaflarının (DPİ) qiymətləndirilməsi ilə də həyata keçiriləcək.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər.
Pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında deyib ki, bildiyinə görə, praktik tibb fəaliyyəti ilə məşğul olan və birbaşa xəstə ilə təmasda olan mütəxəssislər sertifikasiyadan keçirilib:
“Bu prosesə əczaçıların cəlb olunması əhəmiyyətli və yerində qərardır. Çünki hazırda ölkəmizdə fəaliyyət göstərən bir çox aptekdə ixtisaslaşmamış, tibbi təhsili olmayan şəxslər “əczaçı” kimi çalışırlar. Bu isə həm vətəndaşların sağlamlığı, həm də ümumi səhiyyə sistemi üçün ciddi təhlükə yarada bilər. Mənim subyektiv yanaşmamla desəm, bəzi apteklərdə çalışan satıcıların peşəkar bilik səviyyəsi ilə adi marketdə çalışan satıcıların bilik səviyyəsi arasında nəzərəçarpacaq bir fərq müşahidə olunmur. Əczaçılıq dərin bilik, məsuliyyət və etik davranış tələb edən elmi və praktiki sahədir. Xəstəyə verilən hər bir dərman tövsiyəsi, onun dozası, istifadəsi və əks göstərişləri ciddi tibbi bilik və təcrübə tələb edir. Belə bir peşədə təsadüfi insanların çalışması farmasötik xidmətin keyfiyyətini və pasiyent təhlükəsizliyini sual altına alır. Sertifikasiya bu boşluğu aradan qaldırmaq və əczaçılıq fəaliyyətini peşəkar çərçivəyə salmaq üçün mühüm vasitə ola bilər. Beləliklə, bu təşəbbüs həm normativ tənzimləmə baxımından, həm də ictimai sağlamlığın qorunması baxımından əhəmiyyətli addım hesab edilməlidir”.