Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi şəhərində görüş keçirilib. Görüşdə Ermənistan və Azərbaycan nümayəndə heyətləri də iştirak ediblər. Beş saat davam edən danışıqlarla bağlı verilən ilk məlumata görə, Əliyevin Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. Bildirilib ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.
Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib.
Görüşün yekunları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında deyilir: “10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb”.
“Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”, - məlumatda qeyd olunub.
Əbu-Dabi danışıqlarını AYNA.AZ-a müsahibəsində şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy xatırladıb ki, bu görüş bu il liderlər arasında keçirilən ikinci görüşdür:
- Birinci görüş Albaniyada olmuşdu, amma orada daha çox qısa müddətli görüş idi, müəyyən jestlərlə yadda qalmışdı. İndiki görüş isə əvvəldən planlaşdırılan, geniş spektrli görüş idi. Nümayəndə heyətinə baxsaq görərik ki, geniş məsələlər müzakirə olunub. Hər iki tərəfdən əsas şəxslər görüşdə təmsil olundu. Görüşdə sərhədlərin delimitasiyası, nəqliyyat-kommumikasiyalar, Zəngəzur dəhlizi məsələsi, texniki məsələlər, sülh sazişi mətni kimi məsələlər müzakirə olunub, liderlər hər sahə ilə bağlı nümayəndələrinə tapşırıqlar veriblər. Azərbaycan tərəfindən XİN başçısının, Prezidentin köməkçisinin, Baş nazirin müavininin iştirakı, Ermənistan tərəfindən isə Baş nazirin müavininin, Təhlükəsizlik Şurasının katibinin və XİN başçısının iştirakı aydınlaşdırır ki, delimitasiya, kommunikasiya və sülh sazişi mətninin ətrafında geniş müzakirələr olub. Ən maraqlı məsələ isə odur ki, görüşdə Azərbaycan tərəfindən Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfindən isə Ermənistanın Türkiyə ilə normallaşma prosesi ilə bağlı danışıqlardakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan iştirak edirdi. Bu, görüşlə bağlı görünənlərdir. Məsələn, erməni mediası Paşinyanın BƏƏ-yə 20 nəfərlik nümayəndə heyəti ilə getdiyindən bəhs edirdi. Yəqin ki, Azərbaycan tərəfi də o sayda ciddi bir komanda ilə gedib.
Görüşün beş saat çəkməsi ciddi müzakirələrin aparıldığını göstərir. Nəzərə almaq lazımdır ki, arada vasitəçi yox idi. Hətta tərcümə problemi də olmayıb, tərəflər rus və ingilis dillərində danışıblar. Beş saat az müddət deyil və çox ciddi müzakirələrin olduğunu bildirmək lazımdır.
- Görüşün BƏƏ-də keçirilməsi yeni platforma sayılır. Niyə məhz Əbu-Dabi?
- Bu görüşlə bağlı iki məsələ önəmlidir: birincisi, görüşün özünün keçirilməsi, ikincisi, BƏƏ-də keçirilməsi. Mart ayından bəri Ermənistan tərəfi sülh sazişini imzalamağa hazır olduğunu, bundan Azərbaycanın qaçdığını bəyan edir. Hətta buna görə Azərbaycan tərəfinə Qərb dairələrindən təzyiqlər edilirdi. Təzyiqləri ortadan qaldırmaq üçün belə bir görüşün, müzakirələrin keçirilməsi önənmli idi. İkincisi, prosesdə ABŞ tərəfinin fəallaşdığını görürük və bu fəallaşma içərisində dolayı yolla Vaşinqtonun təsirləri var.
Azərbaycan üçün də, Ermənistan üçün də BƏƏ önəmli ölkədir. BƏƏ ilə Azərbaycan arasında iqtisadi layihələr, investisiya sazişləri mövcuddur. Ermənistanla da BƏƏ arasında münasibətlər kifayət qədər normaldır. Hər iki ölkə ilə normal münasibətləri olan bir ölkədə liderlərin vasitəçisiz danışıqlar aparması özlüyündə müsbət məqam sayılmalıdır.
- Rəsmi açıqlamada nələrin müzakirə olunduğu açıqlanıb. Maraqlıdır, beş saatlıq müzakirədə ictimaiyyətə açıqlanmayan razılaşmalar olubmu?
- Anlaşılan odur ki, tərəflər bir çox məsələdə ortaq məxrəcə gələ biliblər. Bu görüşdən sonra onun şahidi ola bilərik ki, Azərbaycanın Ermənistan işğalı altında qalan 4 kəndinin qaytarılması, problemin hansısa formada həlli məsələsi gündəmə gələcək. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində yavaşlama vardı ki, bu kəndlərin qaytarılması ilə proses sürətlənə bilər.
Digər tərəfdən, açıqlamalardan belə anlaşılır ki, Zəngəzur dəhlizi ilə bağlı tərəflər siyasi hissəni həll edib, texniki məsələlərə keçməyə başlayıblar. Bu müzakirələrdə texniki məsələlərə baxılıb və tapşırıqlar verilib. Dəhlizə nəzarət, təhlükəsizliyin təmin olunması ətrafında müzakirələr gedir.
Sülh sazişi layihəsinə gəlincə, layihə demək olar ki, razılaşdırılıb və bu hələ bir müddət əvvəl elan edilib. Sadəcə Azərbaycanın məlum şərtləri var ki, onların həll olunmaması sazişin imzalanmasına maneə olur. Söhbət ATƏT-ə Minsk Qrupunun de-yure ləğvi barədə müraciətdən və Ermənistan Konstitusiyasına dəyişiklikdən gedir. Liderlərin görüşündə bu məsələlər ətrafında da müzakirələr aparılıb. Nəzərə almaq lazımdır ki, Ermənistan nümayəndə heyətinin içərisində olan Rubinyan həm də Ermənistan Parlamentinin vitse-spikeridir. Onun görüşdə iştirakı iki məqamdan xəbər verir. Məlumdur ki, vitse-spiker qanunvericilik orqanındadır və yəqin ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesini Rubinyan koordinasiya edəcək. Eyni zamanda, Rubinyanın iştirakı prosesin Türkiyə, Ermənistan və Azərbaycan formatında müzakirə ediləcəyini göstərir.
Ümumilikdə götürəndə, liderlərin BƏƏ-də, həm də vasitəçisiz, uzun müzakirələrini müsbət qiymətləndirmək lazımdır. Bu görüş sülh prosesinin sürətlənməsi baxımından çox önəmlidir. Hesab edirəm ki, liderlərin verdiyi tapşırıqlar istiqamətində gərəkli addımlar atılacaq. Növbəti görüşlərdə bunun nəticələrinin şahidi olacağıq. Əbu-Dabi görüşü sülh prosesində irəliyə bir addım oldu.